Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Bakıvaxtı.az-ın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir.
2025-ci ildə doğulmuş 95,9 min körpənin 46,9 faizi qız uşaqları olub.
Ölkənin ümumi təhsil müəssisələrində qadınların xüsusi çəkisi yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, orta ixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlar təşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.
Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdən çoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.
Qadınlar elmin inkişafında da fəal iştirak edirlər. Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır və onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyi də artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş qadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda, 2025-ci ildə 21,0 faizə yüksəlib.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.
Statistik göstəricilər qadınların ölkənin demoqrafik strukturunda mühüm paya malik olmaqla yanaşı, təhsil, elm, səhiyyə, əmək bazarı və ictimai-siyasi həyatın bütün istiqamətlərində fəal iştirak etdiyini göstərir.
Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.
Bakıvaxtı.az xəbər portalı bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, can sağlığı, ailə səadəti arzulayır.
Murad Məmmədli
Bakı 




