• Bakı 28° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

ABŞ-İran Memorandumundan sonra Yaxın Şərq: Sülh, yoxsa yeni qarşıdurma?

DÜNYA

20 Iyun 2026 | 10:16

ABŞ-İran Memorandumundan sonra Yaxın Şərq: Sülh, yoxsa yeni qarşıdurma?

Son günlər Yaxın Şərqdə diqqət mərkəzində olan əsas məsələ ABŞ və İran arasında əldə olunan memorandum və onun regionun gələcəyinə təsiridir. Vaşinqton və Tehran arasında 60 günlük danışıqlar mərhələsinin başlaması, Hörmüz boğazının yenidən açılması və sanksiyalarla bağlı müzakirələr diplomatik baxımdan mühüm dönüş nöqtəsi sayılsa da, proses artıq ilk çətinliklərlə üzləşib. İsveçrədə keçirilməsi planlaşdırılan növbəti ABŞ-İran görüşlərinin təxirə salınması, İsrailin Livanda davam edən əməliyyatları və Tehranın “qırmızı xətlər” barədə sərt bəyanatları göstərir ki, bölgədə hələ tam sabitlikdən danışmaq mümkün deyil. 

Eyni zamanda İsrail-Hizbullah xəttində gərginliyin yenidən yüksəlməsi, Livanda baş verən son hava zərbələri və beynəlxalq aktorların bir-birinə zidd mövqeləri memorandumun praktik nəticələrinin nə qədər davamlı olacağı sualını gündəmdə saxlayır. Region hazırda diplomatiya ilə hərbi risklərin paralel şəkildə irəlilədiyi mürəkkəb mərhələdən keçir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu memorandum ilk növbədə hərbi qarşıdurmanın genişlənməsinin qarşısını almaq məqsədi daşıyır. Vaşinqton və Tehran arasında 60 günlük danışıqlar pəncərəsinin açılması tərəflərin tam razılığa gəlməsə də, qarşılıqlı kompromis axtardığını göstərir:

“Bununla belə, memorandum hələ yekun sülh sazişi deyil və onun uğuru qarşıdakı həftələrdə veriləcək qərarlardan asılı olacaq. Xüsusilə İranın nüvə proqramı, beynəlxalq nəzarət mexanizmləri və sanksiyaların taleyi əsas müzakirə mövzuları olaraq qalır”.

Müsahibimizə görə, ABŞ rəhbərliyi prosesin işlədiyini bildirsə də, Tehran praktiki addımlar görmək istədiyini vurğulayır. Buna görə də hazırkı mərhələni sülhdən çox, nəzarət olunan keçid dövrü kimi qiymətləndirmək daha doğru olar. 

İsrailin Livandakı əməliyyatlarını davam etdirməsinin memorandumun gələcəyinə təsirinə gəlincə, politoloq qeyd edib ki, hazırda memorandumun qarşısında duran ən böyük risklərdən biri məhz Livan istiqamətidir. İsrail rəhbərliyi ABŞ-İran anlaşmasına ehtiyatla yanaşır və təhlükəsizlik maraqlarını əsas gətirərək Hizbullaha qarşı əməliyyatları davam etdirir:

“Son günlər Livanın müxtəlif bölgələrinə endirilən zərbələr regionda yeni eskalasiya ehtimalını artırıb. İran tərəfi dəfələrlə bəyan edib ki, Livanda atəşkəs olmadan geniş regional sabitlikdən danışmaq çətindir. Əgər İsrail-Hizbullah xəttində toqquşmalar genişlənərsə, ABŞ və İran arasında aparılan diplomatik proses ciddi təzyiqlə üzləşə bilər. Bu səbəbdən Livan hazırda memorandumun taleyini müəyyənləşdirən əsas sınaq meydanlarından birinə çevrilib”. 

“Hörmüz boğazı və enerji təhlükəsizliyi məsələsi niyə hələ də gündəmdə qalır” sualını cavablandıran həmsöhbətimiz deyib ki, Yaxın Şərqin geosiyasi çəkisi böyük ölçüdə enerji marşrutları ilə bağlıdır. Memorandumun ən mühüm elementlərindən biri Hörmüz boğazında gəmiçiliyin bərpası və enerji daşımalarının təhlükəsizliyinin təmin edilməsidir. Onun sözlərinə görə, son aylarda yaranmış gərginlik dünya bazarlarında neft qiymətlərinə və logistika zəncirlərinə birbaşa təsir göstərmişdi.

Züriyə Qarayeva: Enerji təhlükəsizliyi həm iqtisadi, həm də siyasi gündəmin əsas mövzularından biri olacaq

Politoloq görə, hazırda tərəflər boğazın açıq qalacağını bəyan etsələr də, qarşılıqlı etimad hələ tam formalaşmayıb. İran bu marşrutun təhlükəsizliyi məsələsini danışıqlarda mühüm rıçaq kimi saxlayır:

“Buna görə də enerji təhlükəsizliyi yaxın həftələrdə də həm iqtisadi, həm də siyasi gündəmin əsas mövzularından biri olacaq”. 

Yaxın Şərqdə yaxın perspektiv üçün əsas risk və imkanlardan da danışan Z.Qarayeva bildirib ki, əsas imkan ondan ibarətdir ki, uzun müddətdən sonra regionda diplomatiya hərbi ritorikanı müəyyən qədər üstələməyə başlayıb. ABŞ, İran və bir sıra regional aktorlar iqtisadi sabitliyin qorunmasının yeni müharibədən daha faydalı olduğunu anlayırlar.

“Lakin risklər də kifayət qədər böyükdür” deyən müsahibimiz qeyd edib ki, İsrail-Hizbullah qarşıdurması, İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları və tərəflər arasında dərin etimadsızlıq istənilən an prosesi dalana sala bilər. “Danışıqların ilk mərhələsinin təxirə salınması da göstərdi ki, memorandumun kağız üzərində qalmaq təhlükəsi hələ aradan qalxmayıb. Buna görə yaxın iki ay Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək ən kritik dövrlərdən biri hesab olunur”, - deyə Züriyə Qarayeva əlavə edib. 

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026