• Bakı 11° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Afrika ilə Avropanın yeni tərəfdaşlığı:  Birgə inteqrasiya realdırmı?

DÜNYA

25 Noyabr 2025 | 17:30

Afrika ilə Avropanın yeni tərəfdaşlığı:  Birgə inteqrasiya realdırmı?

Anqolanın paytaxtı Luandada Avropa İttifaqının (Aİ) və Afrika İttifaqının (Aİt) üzv dövlətləri liderlərinin "Səmərəli çoxtərəfli vasitəçilik vasitəsilə sülh və rifahın təşviqi" mövzusunda yeddinci Sammiti işə başlayıb.

Anqola Prezidenti Joao Lourenço və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın həmsədrliyi ilə keçirilən Sammitə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yusuf da qatılıblar. Sammitdə liderlər əməkdaşlığın gücləndirilməsi üzrə sülh, təhlükəsizlik, idarəetmə və çoxtərəfli işbirliyi, eləcə də rifah, insanlar, miqrasiya və mobillik üzrə iki tematik sessiyada müzakirələr aparıblar.

Bundan başqa, Afrika ölkələri vahid fiskal zona və müdafiə mexanizmi üçün müzakirələrə başlayıb.

Afrika inteqrasiyası real siyasi güc kimi qəbul edilə bilərmi? Avropa İttifaqı (Aİ) və Afrika İttifaqının (Aİt) sıx əməkdaşlığı beynəlxalq aləm üçün nələr vəd edir?

Mövzu ilə bağlı politoloq Azər Qasımov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, hər bir real güc iqtisadiyyata arxalanır. İqtisadi gücün arxasında da təbii ehtiyatlar, eyni zamanda, insan potensialı dayanır:

"Avropanın Afrikaya münasibəti kolonialist və imperialist olub. Yüz illərdir Avropanın Afrikanı istismar etdiyi göz önündə idi. Ancaq indi zaman dəyişib. Afrika da inkişaf edir. Təbii ki, hələlik Afrikanın əksər ölkəsində inkişaf səviyyəsi aşağıdır. Daxili çəkişmələr hökm sürür. Amma tendensiya ondan ibarətdir ki, Afrika kolonialist gücləri qəbul etmir. Buna görə də Avropa İttifaqı Afrikanı İttifaq şəklində öz tərəfinə çəkməyə çalışır”.

Müsahibimiz qeyd edib ki, yeni geosiyasi konfiqurasiyada ABŞ və Rusiyanın təzyiqləri fonunda Avropa İttifaqı həm insan, həm də xammal resursları təmin etmək məqsədilə Afrikanı İttifaq şəklində öz tərəfdaşına çevirməyə cəhd edir.

Azər Qasımov: Aİ-Ait əməkdaşlığının real güc kimi ortaya çıxma ehtimalı böyükdür

A.Qasımov vurğulayıb ki, Afrikanın tək Aİ yox, Türkiyə, Rusiya tərəfindən də öz tərəfinə çəkilməsi prosesi gedir. Türkiyə daha çox müsəlman Afrika ölkələrində söz sahibi olmağa çalışır. Rusiya isə mərkəzi Afrikada rejimlərə dəstək olmaqla onların rəqiblərini neytrallaşdırmaqla fəaliyyət göstərir.

"Hesab edirəm ki, Avropa İttifaqının Afrika İttifaqı ilə əməkdaşlığı beynəlxalq aləmdə real güc kimi ortaya çıxma ehtimalı böyükdür. Sadəcə Avropanın Afrikaya yaxınlaşma tərzi dəyişməlidir. Bu olacaqsa, Afrika da Avropanı seçəcək. Amma əsas məsələ Afrikanın ölkələrində mövcud olan ikitirəliklərin hərbi yolla qaydasına salınmasıdır. Avropanın buna qadir olması məsələsi çətin görünür. Çünki iqtisadi fəaliyyət hərbi mövcudluqla mümkündür. Yoxsa, ABŞ və Rusiya buna imkan verməzlər. Türkiyənin Avropa ilə ittifaqı daha məsləhətli yoldur. Türkiyə hərbi, Avropa iqtisadi mövcudiyyətlə istəklərinə nail ola bilər. Bundan hamı qazanar", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR