Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlər üçün təşkil olunan inkişafyönümlü təlimlər davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, attestasiya nəticələrinə əsasən keçirilən təlimlər 450-dən çox müəllimi əhatə edir. Proqram çərçivəsində artıq tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslərə start verilib.
Təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsində kiçik səs fərqi ilə – 2 lehinə və 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün nəzərdə tutulub. Məqsəd onların peşə hazırlığını gücləndirmək, bilik və bacarıqlarını təkmilləşdirmək, növbəti işə qəbul müsabiqəsinə daha hazırlıqlı şəkildə qatılmalarına dəstək verməkdir.
Qeyd edək ki, inkişafyönümlü təlimlər cari ilin iyun ayından etibarən distant formatda başlayıb. Əyani mərhələ isə 9–17 iyul tarixlərində Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi-Aran iqtisadi rayonlarını əhatə edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə keçirilən dərslər təcrübəli mütəxəssislər tərəfindən aparılır. Bu yanaşma iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına, metodiki hazırlığının gücləndirilməsinə və ümumilikdə tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Mərkəzdən bildirilib ki, təlim proqramının növbəti mərhələsində fortepiano ixtisası üzrə eyni kateqoriyaya aid təhsilverənlər üçün inkişafyönümlü əyani dərslərə 23 iyul tarixindən başlanılacaq. Təlimlərin gələcək mərhələlərdə də digər ixtisasları əhatə etməsi nəzərdə tutulur.
Bakı 



