• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Avropanın Rusiya siyasətində çatlar: Milli maraqlar sanksiya birliyini zəiflədir

DÜNYA

20 Iyul 2026 | 16:07

Avropanın Rusiya siyasətində çatlar: Milli maraqlar sanksiya birliyini zəiflədir

Avropa İttifaqının Rusiyaya qarşı siyasətində yeni fikir ayrılıqları yaranır. Müharibənin başlanmasından sonra Brüssel Moskvanı iqtisadi və siyasi cəhətdən təcrid etmək üçün ardıcıl sanksiya paketləri qəbul etsə də, növbəti məhdudiyyətlərin razılaşdırılması getdikcə çətinləşir.

Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 21-ci sanksiya paketi üzrə razılıq əldə edə bilməyiblər. Yeni tədbirlərin enerji, bank, kriptovalyuta, ticarət və sanksiyalardan yayınmaya yardım edən üçüncü ölkə strukturlarını əhatə etməsi nəzərdə tutulur.

Məsələnin əsas səbəbi Avropa dövlətlərinin Rusiyaya münasibətinin tamamilə dəyişməsi deyil. Əksər üzv ölkələr Ukraynaya siyasi dəstəyin və Moskva üzərində təzyiqin davam etdirilməsinin tərəfdarıdır. Lakin yeni sanksiyalar konkret milli iqtisadi sahələrə toxunduqca, ümumi geosiyasi mövqe ilə ayrı-ayrı dövlətlərin kommersiya maraqları arasında ziddiyyət daha aydın görünür. Yunanıstan gəmiçilik sektoruna zərər vura biləcək tədbirlərə etiraz edir, Almaniya və Portuqaliya Rusiya balığının idxalına qoyulacaq qadağanın yerli sənayeyə təsirindən narahatdır. Fransa, İtaliya və Avstriya da müəyyən şirkət və sahələr üçün istisnalar tələb edir.

Bu fikir ayrılıqları Aİ-nin institusional quruluşundan da qaynaqlanır. Xarici siyasət və sanksiyalarla bağlı qərarların yekdilliklə qəbul edilməsi hər bir üzv dövlətə paketi bloklamaq və ya müəyyən güzəştlər tələb etmək imkanı verir. İlk sanksiya paketlərində Rusiyaya qarşı siyasi həmrəylik ön planda olduğundan iqtisadi itkilər ikinci dərəcəli məsələ kimi qəbul edilirdi. Müharibə uzandıqca isə hökumətlər enerji qiymətlərini, sənayenin rəqabət qabiliyyətini, gəmiçilik və ixrac gəlirlərini daha çox nəzərə almağa başlayıblar.

Bununla belə, Aİ-nin Rusiya siyasətinin artıq dağıldığını söyləmək tezdir. İttifaq iyun ayında Rusiyanın iqtisadiyyatının müəyyən sektorlarına tətbiq olunan sanksiyaların müddətini ilk dəfə altı ay deyil, bir il uzadıb. Brüssel son həftələrdə Rusiyanın kiberhücum və hibrid fəaliyyətlərində iştirak etdiyi bildirilən şəxslərə və qurumlara qarşı da yeni məhdudiyyətlər qəbul edib. Bu addımlar Avropanın Moskva ilə bağlı strateji mövqeyinin qüvvədə qaldığını göstərir.

Əsas problem mövcud sanksiyaların saxlanılması ilə yeni sanksiyaların qəbul edilməsi arasında yaranan fərqdir. Artıq qüvvədə olan məhdudiyyətlərin uzadılması üzv dövlətlər üçün siyasi baxımdan daha asandır. Lakin hər yeni paket Rusiyanın iqtisadiyyatında hələ məhdudlaşdırılmamış, eyni zamanda Avropa biznesinin də müəyyən formada bağlı olduğu sahələrə müdaxilə edir. Buna görə növbəti mərhələdə hər bir yeni sanksiyanın Aİ ölkələrinin öz iqtisadiyyatına vurduğu zərər daha çox müzakirə olunur.u vəziyyət həm də Avropanın sanksiya imkanlarının müəyyən həddə yaxınlaşdığını göstərir.

İndiyədək Rusiyanın enerji gəlirləri, bank sistemi, kölgə donanması, müdafiə sənayesi, ixrac və texnologiyalara çıxışı üzrə geniş məhdudiyyətlər tətbiq olunub. Aİ-nin 20-ci sanksiya paketi enerji gəlirləri, maliyyə sektoru, ticarət və sanksiyalardan yayınma şəbəkələrini hədəfə almışdı. Buna görə yeni paketlər hazırlamaq üçün həm iqtisadi baxımdan təsirli, həm də Avropa dövlətlərinin maraqlarını ciddi şəkildə zədələməyən sahələr tapmaq çətinləşir.

Digər mühüm məsələ sanksiyaların effektivliyi ilə bağlıdır. Brüssel məhdudiyyətlərin Rusiya iqtisadiyyatına böyük zərər vurduğunu və Moskvanın hərbi istehsal imkanlarını məhdudlaşdırdığını bildirir. Lakin Rusiya alternativ ticarət marşrutları, üçüncü ölkələr, kriptovalyutalar və kölgə donanması vasitəsilə sanksiyaların bir hissəsindən yayınmağa çalışır. Bu səbəbdən Aİ daxilində müzakirə artıq yalnız “yeni sanksiya tətbiq edəkmi” sualı ətrafında deyil, mövcud tədbirlərin icrasını və nəzarət mexanizmlərini necə gücləndirmək barədə aparılır.

Avropadakı fikir ayrılıqları Moskva üçün də siyasi fürsət yaradır. Rusiya uzun müddətdir Aİ ölkələri arasındakı iqtisadi və siyasi fərqlərdən istifadə etməyə çalışır. Kreml sanksiyaların Avropanın öz sənayesinə, enerji təhlükəsizliyinə və sosial rifahına daha çox zərər verdiyi fikrini yaymaqla üzv dövlətlərdəki narazılığı dərinləşdirməyə çalışa bilər. Paketlərin gecikməsi və dövlətlərin açıq şəkildə istisnalar tələb etməsi isə Moskvaya Avropa birliyinin zəiflədiyi barədə təbliğat imkanı verir.

Bunun Ukrayna üçün nəticələri də əhəmiyyətlidir. Kiyev üçün sanksiyalar yalnız iqtisadi təzyiq vasitəsi deyil, Avropanın siyasi iradəsinin göstəricisidir. Yeni paketlər üzrə uzun mübahisələr Ukraynada Qərb dəstəyinin davamlılığı ilə bağlı narahatlığı artıra bilər. Bununla belə, mövcud məhdudiyyətlərin uzadılması və Avropanın Ukraynanın müdafiə sənayesinə inteqrasiyasını gücləndirməsi göstərir ki, dəstək tam zəifləməyib; sadəcə onun forması və maliyyə yükü ətrafında müzakirələr sərtləşir.

Hazırkı mənzərəni Avropanın Rusiya siyasətinin iflası deyil, həmin siyasətin daha mürəkkəb mərhələyə keçməsi kimi qiymətləndirmək olar. İlk illərdə siyasi birlik və təcili təhlükəsizlik ehtiyacları əsas rol oynayırdısa, indi uzunmüddətli iqtisadi dayanıqlılıq, milli sənayelərin müdafiəsi və sanksiyaların real nəticələri daha çox nəzərə alınır. Aİ Moskva üzərində təzyiqi saxlamaqla yanaşı, öz iqtisadiyyatının rəqabət qabiliyyətini də qorumağa çalışır.

Nəticə etibarilə, Avropanın Rusiya siyasətində çatlar mövcuddur, lakin bunlar hələ strateji parçalanma səviyyəsinə çatmayıb. Üzv dövlətlər Rusiyanın yaratdığı təhlükə barədə ümumi mövqeni əsasən bölüşürlər, lakin həmin təhlükəyə qarşı hansı iqtisadi qiyməti ödəməyə hazır olduqları məsələsində razılaşmırlar. Əgər Brüssel milli maraqlarla ümumi təhlükəsizlik siyasəti arasında tarazlıq yarada bilməsə, gələcək sanksiya paketləri daha da zəifləyə və gecikə bilər. Avropanın qarşısındakı əsas sınaq artıq sanksiya tətbiq etmək deyil, uzunmüddətli təzyiq siyasətini daxili birliyi pozmadan davam etdirməkdir.

Ruslan Zəngəzur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026