• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycan-Rusiya regionlararası forumu: yeni əməkdaşlıq imkanları və gözləntilər

SİYASƏT

19 Mart 2025 | 09:13

Azərbaycan-Rusiya regionlararası forumu: yeni əməkdaşlıq imkanları və gözləntilər

Azərbaycan və Rusiya arasında iqtisadi və regional əməkdaşlığın inkişafına töhfə verən ən mühüm tədbirlərdən biri - Azərbaycan-Rusiya Regionlararası Forumu bu il Bakıda keçiriləcək.

Bakivaxti.az-ın məlumatına görə, ənənəvi olaraq hər iki ölkənin regionları arasında ticarət, investisiya və biznes əlaqələrinin gücləndirilməsinə həsr olunan forum, dövlət və özəl sektor nümayəndələri üçün yeni əməkdaşlıq perspektivlərini dəyərləndirmək imkanı yaradır. Tədbir çərçivəsində təşkil ediləcək plenar sessiyalar, biznes görüşləri və əməkdaşlıq müzakirələri Azərbaycan və Rusiya arasındakı iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Forumda iştirak edəcək 300-dən çox nümayəndənin regionlararası əlaqələrin inkişafı istiqamətində yeni təşəbbüslər irəli sürəcəyi gözlənilir.

Bu tədbirin əsas məqsədi Azərbaycan və Rusiya regionları arasında ticarət dövriyyəsinin artırılması, yeni birgə layihələrin icrası və investisiya axınının stimullaşdırılmasıdır. Forum çərçivəsində hansı konkret razılaşmaların əldə ediləcəyi və hansı sahələrdə yeni əməkdaşlıqların qurulacağı isə əsas müzakirə mövzularından biri olacaq.

Azərbaycan və Rusiya regionları arasında iqtisadi əməkdaşlıq hansı istiqamətlərdə inkişaf etdirilə bilər? Forum çərçivəsində bağlanacaq müqavilələr və razılaşmalar hansı sahələri əhatə edəcək? İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün hansı yeni mexanizmlər tətbiq edilə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Rusiya və Azərbaycan arasında keçirilən iqtisadi forumlar iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır:

"Əvvəlki forumlar kimi, budəfəki tədbir də iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verməyə xidmət edir. Daha əvvəlki forumlardan bəziləri Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuşdusa, bu dəfəki tədbirin Bakıda keçirilməsi Şimali Qafqaz və Azərbaycan, eləcə də ümumilikdə Rusiya Federasiyası və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına imkan yaradacaq".

 

 

Kazım Kazımov: Gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularından biri olacaq

K.Kazımov qeyd edib ki, forumda 300-dən çox qonağın iştirakı gözlənilir. Onların sırasında həm Azərbaycan, həm də Rusiyadan olan sərmayəçilər, biznes nümayəndələri və dövlət rəsmiləri yer alacaq. Görüş çərçivəsində əsas diqqət iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və biznes fəaliyyətlərinin gücləndirilməsi üçün atılacaq addımlara yönələcək:

"Son dövrlərdə Azərbaycan təyyarəsinin Çeçenistan ərazisində vurulması məsələsi Moskva və Bakı arasında müəyyən fikir ayrılıqlarına səbəb olub. Azərbaycan haqlı olaraq bu hadisə ilə bağlı kompensasiya tələb edir və ümid edilir ki, Rusiya bu məsələni gələcəkdə həll edəcək. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin cənab Prezidentdən üzr istəməsi isə iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş addım kimi qiymətləndirilir".

Son olaraq həmsöhbətimiz deyib ki, bu cür hadisələrin fonunda Bakıda keçirilən forum Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafına yeni impuls verəcək. Görüş çərçivəsində iqtisadi-ticarət münasibətlərinin daha da möhkəmləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi əsas müzakirə mövzularından biri olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR