ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edəcək.
Trampın bu haqda açıqlaması ölkədə birmənalı qarşılanmayıb. İraq müharibəsinin veteranı və istefada olan podpolkovnik Tulsi Qabbard Ukrayna müharibəsi ilə bağlı əks mövqeyi və Rusiyaya loyal münasibətilə tanınır. O, eyni zamanda ABŞ-dakı erməni lobbisi ilə də yaxın əlaqələrə malikdir.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Trampın Tulsi Qabbardla bağlı açıqlaması erməni dairələrini sevindirib. Ermənistan KİV-ləri onun təyinatı barədə xəbəri rəğbətlə tirajlayıblar.
Ermənistanın "Hraparak" qəzeti yazır ki, T.Qabbard ABŞ-dakı erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayır. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana gəlib və o vaxt işğal altında olan Qarabağa qanunsuz səfər edib.
Tulsi Qabbard Qarabağa qanunsuz səfəri zamanı Xankəndinin girişindəki "Biz və bizim dağlar" abidəsinin önündə şəkil də çəkdirmişdi.
O, əslən Havaydandır və bu ştat 2016-cı ildə qondarma "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanımışdı.
Tulsi Qabbard 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da salınıb və arzuolunmaz şəxs elan edilib.