Böyük Britaniyanın Gürcüstandakı səfirliyi ölkədə oktyabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı planlaşdırılan qrant layihələrinin qeyri-müəyyənlik səbəbindən ləğv olunduğunu bəyan edib.
Bakıvaxtı.az bu barədə diplomatik nümayəndəliyin açıqlamasına istinadən xəbər verir.
Açıqlamada qeyd olunub ki, bu qərar seçki prosesində şəffaflıq və rəqabətliliyin artırılmasına yönəlmiş mühüm təşəbbüslərin həyata keçirilməsinə əngəl yaradacaq.
Səfirliyin məlumatına əsasən, Birləşmiş Krallıq tərəfindən təklif olunan qrantlar seçicilərin maarifləndirilməsi və vətəndaş müşahidəçiliyi kimi fəaliyyətləri əhatə edirdi. Bu təşəbbüslər Gürcüstanın Mərkəzi Seçki Komissiyası tərəfindən də faydalı və zəruri hesab olunub.
Böyük Britaniya Gürcüstanda demokratiyanın inkişafına dəstək verməyə hazır olduğunu da bəyan edib.