ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkənin ümumi dövlət borcu 29 dekabr 2023-cü il tarixində 34 trilyon dollara çatıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, 2022-ci ilin sonundan etibarən ölkənin dövlət borcu təxminən 2,6 trilyon dollar artıb.
Xatırladaq ki, sentyabrın 30-da ABŞ-da 2023-cü maliyyə ili başa çatdıqda noyabrın 17-dək hökuməti maliyyələşdirməyi nəzərdə tutan müvəqqəti büdcə qanun layihəsi qüvvəyə minmişdi. Bu müddətin bitməsinə az qalmış federal hökumətin bağlanmasının qarşısını almaq üçün ikinci müvəqqəti büdcə qəbul edilmişdi.
İkinci aralıq büdcə Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil İnşaatı və Şəhərsalma kimi nazirliklərin maliyyələşdirilməsini yanvarın 19-dək, hökumətin qalan hissəsinin, o cümlədən Müdafiə Nazirliyi (Pentaqon) fevralın 2-nə qədər nəzərdə tutur.
Amerika qanunlarına görə, Konqres oktyabrın 1-də başlayıb sentyabrın 30-da başa çatan maliyyə ili üçün daimi büdcəni təsdiq edə bilməzsə, boşluq müvəqqəti büdcələrlə bağlanmalıdır. Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə xərcləmə səlahiyyətlərini itirmiş federal qurumlar müvəqqəti olaraq fəaliyyətini dayandırırlar.
Ay Tac
















