Aprel ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilmişdir.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "54-BK-650" dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunmuşdur.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.