Paris Apellyasiya Məhkəməsi bu il iyunun 10-da 2022-ci ilin sentyabrında Fransada Azərbaycan səfirliyinə edilən hücumla bağlı işə baxacaq. Qatı ermənipərəst fəallar tərəfindən təşkil edilmiş bu hadisə geniş beynəlxalq rezonans doğurmuşdu.
Bakıvaxtı.az xəbər verir ki, bu iş Fransada diplomatik müəssisəyə hücumun Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirildiyi ilk iş olub.
Azərbaycanın diplomatik missiyasına hücumda əsas təqsirləndirilən şəxs - erməni “Charjoum” hərəkatının üzvü Loris Tufanyan video yazılar və şahid ifadələri əsasında müəyyən edilib.
Paris məhkəməsi 23 iyun 2023-cü il tarixli qərarı ilə L.Tufanyanı şərti olaraq altı ay müddətinə azadlıqdan məhrum və cərimə olunması barədə qərar çıxarıb.
Lakin indi iş Apellyasiya Məhkəməsinə göndərilib.
Apellyasiya məhkəməsində Azərbaycanın maraqlarını vəkil Edmon Verdye təmsil edir.
E.Verdye vurğulayıb ki, bu prosesdə təkcə dövlət və ya onun nümayəndələri müdafiə olunmur: "Biz beynəlxalq hüququn əsaslarını, diplomatik suverenliyi və xalqlar arasında sülh şəraitində birgə yaşayışı müdafiə edirik".
Ekspertlərin fikrincə, məhkəmənin qərarı diplomatik missiyaların təcavüzdən qorunması üzrə beynəlxalq hüquqi təcrübədə presedent yarada bilər.
Qeyd edək ki, 2022-ci il sentyabrın 18-də radikal erməni millətçiləri Parisdə Azərbaycan səfirliyinə hücum etməyə cəhd göstəriblər, nəticədə səfirlik binası zədələnib. Hücumla bağlı sübutlar əsas təşkilatçının və hücumda iştirak edənlərin cəzalandırılması tələbi ilə yerli məhkəməyə təqdim edilib. Məhkəmədə Azərbaycan səfirliyini “Lexlor” hüquq şirkəti təmsil edib.
İstintaqın məlumatına görə, Azərbaycan səfirliyinin ərazisinə zorakı müdaxilə baş verib və əmlakın məhv edilməsi ilə müşayiət olunub. Giriş qapısını sındırmaq üçün metal baryerlərdən istifadə edilib. Bu hərəkətlər beynəlxalq hüquq normalarının, xüsusilə də Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarının pozulmasıdır.