İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir müraciətində İranın qanuni və legitim özünümüdafiə hüququnun qətiyyətli və dərhal icrasını davam etdirəcəyini bildirib.
Diplomat vurğulayıb ki, İranın silahlı qüvvələri hücumu dəf etmək məqsədi ilə bütün zəruri müdafiə imkanlarını səfərbər edəcək.
Qeyd edək ki, ABŞ və İsrail səhər saatlarında İrana birgə hücuma başlayıb. İsrail Müdafiə Nazirliyi İrana qarşı “qabaqlayıcı zərbə” endirdiyini açıqlayıb, ABŞ Prezidenti Donald Tramp isə “böyük əməliyyat” elan edib.
Hücumlar paytaxt Tehran, eləcə də, İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kirmanşah və İlam şəhərlərini hədəfə alıb.
Həm İsrail, həm də İran hava məkanları bağlanıb, İsraildə fövqəladə vəziyyət elan olunub və sirenlər səsləndirilib. İranın əks-hücumlarından əvvəl İsrail ictimaiyyətinə sığınacaq axtarmaq barədə xəbərdarlıq verilib.
İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq İsrailə onlarla ballistik raket və dronla əks-hücumlar həyata keçirib. Eyni zamanda, İran Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını raket zərbələri ilə hədəfə alıb, o cümlədən Bəhreyndəki ABŞ dəniz bazasına da zərbə endirib.
Bakı 




