ABŞ ilə İran arasında İslamabadda keçirilən son görüş konkret nəticə ilə yekunlaşmadı və tərəflər əsas məsələlərdə ortaq məxrəcə gələ bilmədən masadan ayrıldılar.
Rəsmi bəyanatlarda diplomatiyanın davam etdiriləcəyi vurğulansa da, reallıqda nə mövqelər yumşaldı, nə də qarşılıqlı etimad artdı. Bu isə göstərir ki, hazırkı mərhələdə danışıqların məqsədi razılaşma əldə etməkdən daha çox, qarşı tərəfin sərhədlərini test etmək və növbəti addımlar üçün strateji çərçivə formalaşdırmaqdır.
Yaxın dövrdə prosesin daha çox təzyiq alətləri üzərindən davam edəcəyi gözlənilir. ABŞ-ın həm siyasi ritorikada, həm də praktiki addımlarda sərt xətti qoruması ehtimalı yüksəkdir. Bu, təkcə bəyanatlarla məhdudlaşmaya bilər, müəyyən hədəflərə yönəlmiş məhdud hərbi addımlar və ya güc nümayişi xarakterli əməliyyatlar da gündəmə gələ bilər. Paralel olaraq iqtisadi təzyiq mexanizmlərinin genişləndirilməsi, xüsusilə İranın enerji gəlirlərinin və xarici ticarət əlaqələrinin məhdudlaşdırılması istiqamətində daha sistemli addımlar atıla bilər.
Digər tərəfdən, İranın bu mərhələdə geri çəkilməsi real görünmür. Əksinə, Tehran öz mövqeyini daha da sərtləşdirərək həm daxili auditoriyaya, həm də xarici aktorlara davamlılıq mesajı verməyə çalışacaq. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə tərəflər arasında birbaşa razılaşma ehtimalı zəif qalacaq, lakin dolayı qarşıdurma elementləri güclənəcək. Regional aktorların da bu prosesə daha aktiv şəkildə qoşulması və öz maraqları çərçivəsində mövqe tutması ehtimalı artır.
Beləliklə, İslamabad görüşü bir son deyil, əksinə yeni mərhələnin başlanğıcı kimi oxunmalıdır. Açıq müharibə ehtimalı tam aradan qalxmasa da, tərəflər daha çox idarə olunan gərginlik modelinə üstünlük verəcək. Bu modeldə diplomatik kanallar formal olaraq açıq qalır, amma real proses siyasi, iqtisadi və qismən hərbi təzyiqlərin paralel tətbiqi ilə davam edir. Nəticədə region sabitliyə yox, uzunmüddətli və dəyişkən gərginlik dövrünə daxil olur.
Alim Nəsirov
Bakı 




