Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyentləri və valideynləri düşündürən əsas məsələ ixtisas seçimi mərhələsidir. Qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra abituriyentləri ən çox maraqlandıran məsələ ixtisas seçimidir.
Bu il hansı ixtisas qrupları və konkret hansı sahələr üzrə plan yerləri daha çox üstünlük təşkil edir, abituriyentlər seçimlərdə daha çox hansı istiqamətlərə üstünlük verməlidirlər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq qarşıdakı dövr ərzində abituriyentlərin müvafiq olaraq ixtisas seçimi mərhələsində iştirakı gözlənilir:
"Bu il ali təhsil müəssisələrinə müraciət kifayət qədər çoxdur. Eyni zamanda plan yeri də əvvəlki ildə olduğu kimi, demək olar ki, eyni səviyyədədir, sadəcə cüzi bir artım var. Amma iştirakçı sayı kifayət qədər çoxdur. Bu da onu deməyə əsas verir ki, əsas qruplar üzrə rəqabət gözlənilir. Əsasən də perspektivli və prestijli ixtisaslarda. Bunlar tədrisi ingilis dilində olan ixtisaslardır. Həm texniki, həm iqtisadi, həm səhiyyə yönümlü, həm də pedaqoji yönümlü ixtisas sahələri ki, burada tədris ingilis dilindədir, onların keçid balları yüksək formalaşır".

Elçin Əfəndi: Abituriyentlər əmək bazarında daha çox tələbatlı olan ixtisaslara üstünlük verməlidirlər
E.Əfəndinin sözlərinə görə, abituriyentlər əmək bazarında daha çox tələbatlı olan ixtisaslara üstünlük verməlidirlər ki, gələcəkdə rahat iş imkanları qazanmış olsunlar:
"Bəzi ixtisaslar var ki, o ixtisaslarda təhsil aldıqdan sonra abituriyentlər ya əlavə təhsil almaq və yaxud da onlar öz ixtisaslarını magistratura pilləsində dəyişmək məcburiyyətində qalırlar. Bura tərcüməyönümlü ixtisaslar daxildir, sosial iş yönümlü ixtisaslar daxildir və s. Ona görə də diqqətli olmalıdırlar ki, əmək bazarında daha çox tələbat olan sahələrə üstünlük versinlər. Mütləq bir mütəxəssislə bu məsələlər dəqiqləşdirilməlidir".
Zeynəb Rzayeva
Bakı 



