ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın bir ildən sonra qeyd olunacaq müstəqilliyinin 35-ci ildönümünə qədər Rusiya ilə Ukrayna arasında münaqişənin başa çatacağına ümid etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, bazar ertəsi Kiyevdə Milli Dua Səhər yeməyindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Ümid edirəm ki, bir ildən sonra, Ukraynanın növbəti Müstəqillik Günündə, onun 35-ci ildönümündə növbəti dua səhər yeməyi fərqli olacaq, növbəti dəfə duaetmə mərasimi keçirəndə Ukrayna başqa ölkə olacaq”, - o deyib.
Kelloq həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna üçün mümkün qədər tez bir zamanda uzunmüddətli təhlükəsizlik təminatlarına nail olmaq üçün fəal işləyir. “Üzərində çalışdığımız sülh prosesini görürsünüz. Çox çalışırıq. Biz qısa müddətdə ən yaxşı uzunmüddətli təhlükəsizlik zəmanətlərinə nail olacağımıza ümid edirik”, - o vurğulayıb.
Qeyd edək ki, Keyt Kelloq avqustun 24-də Kiyevə iki günlük səfərə gəlib. Səfər Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirakla bağlıdır.