• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kreml Paşinyanın addımlarına niyə "göz yumur"?: Rusiya bilir ki, indiki halda...

SİYASƏT

12 Fevral 2024 | 16:24

Kreml Paşinyanın addımlarına niyə göz yumur?: Rusiya bilir ki, indiki halda...

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib. Paşinyan bunun reallıq olduğunu söyləyib.

Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib.

Rusiyalı politoloq Sergey Markov Paşinyanın açıqlamasına çox sərt reaksiya verib. O bildirib ki, Moskva bunun fərqindədir:

"Onu da bilirik ki, Paşinyan satqındır. Bilirik ki, Paşinyan bütün Ermənistanı Rusiyaya xəyanət yolu ilə aparır. Ermənistan əhalisi indi də anlayır ki, ermənilərin xilaskarı dəfələrlə Rusiya olub. Ermənistanın rəhbəri məhz sadə insanların rusiyapərəst hisslərini qırmağa çalışır".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Paşinyanın bütün açıqlamaları Kreml tərəfindən həssaslıqla izlənilir.

Analitik vurğulayıb ki, Rusiya indiki məqamda Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı çox sıxışdırmaq istəmir:

"Moskva anlayır ki, indiki şəraitdə Paşinyanı sıxışdırmaq, üzərinə getmək baş nazirin Qərbə daha çox meyillənməsinə gətirib çıxaracaq. Nəticədə İrəvan Rusiyanın təsir orbitindən daha sürətli çıxmağa çalışır. Rusiyanın Ermənistanı sərt şəkildə hədələməsi, təhdid etməsi Qərbin İrəvanı dəstəkləməsi prosesini sürətləndirir. Digər tərəfdən Ukrayna ilə müharibə aparan Rusiya Cənubi Qafqazda əlavə problem istəmir. O səbəbdən Kreml müəyyən mərhələdə İrəvan hökumətinin addımlarına, açıqlamalarına "göz yumur". Paşinyana cavablar sadəcə publikaya hesablanmış formada olur. Rusiya Ermənistanla bağlı addım atmaq üçün Ukrayna müharibəsinin sonunu gözləyəcək. Əgər Rusiya hansısa formada Ermənistanda qarşıdurmanın yaranmasına səbəb olarsa, bu, Kremlin özü üçün problemlər yaradacaq".

Samir Hümbətov: Paşinyanı sıxışdırmaq, üzərinə getmək baş nazirin Qərbə daha çox meyillənməsinə gətirib çıxaracaq

Ekspertə görə, Paşinyanın niyə belə açıqlamalar verməsi məlumdur və bunu Moskva da bilir:

"Baş nazirin bu tipli bəyanatlar səsləndirməkdə məqsədi Qərblə əlaqələri dərinləşdirməkdir. Əgər desə ki, "İrəvan Ukrayna məsələsində Rusiya ilə müttəfiqdir" o zaman Qərbin bütün dəstəyini itirəcək. Baş nazirin ikili oynadığı da məlumdur. Mütəmadi belə fikirləri dilə gətirməklə həm Qərbin başının altına yastıq qoyur, həm də Rusiya ilə oynayır. İstənilən halda proseslərin hansı məcraya yönələcəyini zaman göstərəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024