Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşların məmnunluğunun artırılması, "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edib.
Məlumata görə, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.
Buna uyğun olaraq, satış günü "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq "ünvan üzrə" seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində "Mənzillər" bölməsi vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq "xəritə üzərində" və "parametrlər üzrə" axtarış üsulları aktivləşəcək.
Məsələni Bakıvaxtı.az-a dəyərləndirən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, uyğun qiymətə mənzil təminatı, yəni sosial mənzillər bütövlükdə gənc ailələrin mənzil təminatında xüsusi paya malikdir.

Deputat vurğulayıb ki, sosial layihənin reallaşmasında ən vacib məqamlardan biri gənclərin mənzillə təminatı və eyni zamanda seçimdə şəffaflığın gözlənilməsidir:
“Xüsusən, proseslərin tam elektronlaşdırılması şəffaf mexanizmin tətbiqinə imkan yaradır. Mütəmadi olaraq biz bu istiqamətdə təkmilləşdirmələri müşahidə edirik. Sözsüz, artıq güzəştli mənzil sistemində edilən yeni dəyişikliklər vətəndaşlarımızın, xüsusən gənc ailələrin uyğun qiymətə mənzillərə əlçatanlığını artıracaq. Çünki bu gün əslində ən vacib məqamlardan biri güzəştli mənzillər vasitəsi ilə gənclərin mənzil probleminin həllinə dəstək olmaqdan ibarətdir. Ona görə də mexanizmin asanlaşdırılması evlərə əlçatanlığı asanlaşdıracaq. Hesab edirəm ki, bu, mütərəqqəi dəyişiklikdir".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc isə bildirib ki, yeni qaydalar əvvəlki seçim üsulu ilə bağlı yaranan narazılıqların qarşısını almağa yönəlib.
.jpg)
Ekspertin fikrincə, ünvanların əvvəlcədən müəyyənləşdirilməsi vaxta qənaət etsə də, sistemin nə dərəcədə effektiv olduğu ilk satışdan sonra məlum olacaq.
V.Oruc həmçinin sosial mənzillərin bölgüsündə növbəlilik, ictimai nəzarət və prosesin daha şəffaf aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız rəqəmsal bacarıqları yüksək olan şəxslərin üstünlük əldə etməsi mənzilə daha çox ehtiyacı olan vətəndaşların prosesdən kənarda qalmasına səbəb ola bilər.
Aydın Baxış




