Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi "Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulur.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyindən məlumat verilib.
Məlumata görə, işlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. Tikinti-bərpa işləri şəhərin müxtəlif ərazilərində idarənin texnikaları və işçi qüvvəsi vasitəsilə aparılır. İdarənin istismarında 3 su nasos stansiyası fəaliyyət göstərir ki, həmin nasos stansiyaların da sazlığı daim nəzarətdə saxlanılır.
Şəhərdə kanalizasiya şəbəkəsi layihəsi də planauyğun davam etdirilir. Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev bildirib ki, hazırda şəhərin 5 nöqtəsində - tərəvəzçilik sovxozunda, AzQres qəsəbəsində, Nərimanov prospektində, Mehman Bəşirov küçəsində işlər davam etdirilir. Demək olar ki, kanalizasiya xətləri layihəsinin 84 faizi tamamlanıb.
Hazırda yenidən qurulan şəbəkənin yekunlaşan hissəsinə içməli suyun verilməsinə başlanıb və sayğaclaşma işləri sürətlə aparılır. Şəbəkəyə qoşulan yeni abonentlərin su sayğacları Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən təmin olunur. Uzun müddət su problemi yaşayan əhali, hazırda fasiləsiz ekoloji təmiz sudan istifadə edir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Mingəçevir şəhərində məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Su anbarından ayrılan su bir neçə mərhələdən keçdikdən sonra şəhərin su təchizatı şəbəkəsinə verilir.
Samir Əliyevin sözlərinə görə, Mingəçevir şəhər Sukanal İdarəsi 33 min abonentə xidmət edir. Şəhərin su təchizatını təmin etmək üçün xam su Mingəçevir su anbarından təmizləyici qurğulara ötürülür. Filterlərdə sutkalıq 55 min kubmetr suyun xlorlanma işləri aparılıb təmizləndikdən sonra 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarına ötürülür. Oradan özaxımı ilə əhalinin istifadəsinə verilir.
Əhaliyə, müəssisə və təşkilatlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsini daim diqqətdə saxlayan Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.