Xəbər verdiyimiz kimi, martın 5-də erməni seperatçıları Qarabağda növbəti təxribat törədib. Zaman-zaman ard-arası kəsilməyən təxribatlara qarşı Azərbaycan tərəfi adekvat cavab tədbirləri görür.
Ümumiyyətlə, erməni seperatçılarının Qarabağdan birdəfəlik göndərilməsi üçün nə etmək lazımdır?
Millət vəkili Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və Ordusu addımlar atır:
“Fikrimcə, bu addımları kifayət qədər diplomatik fəaliyyətlə müşayət etmək lazımdır. Bütün bu məsələləri ciddi işlənmiş və hər hansı şəkildə narahatlıq yaratmayan, beynəlxalq təzyiqə əsas verməyən şəkildə gerçəkləşdirmək lazımdır. Bunun üçün də bu prosesdə iştirak edən hərbçilərin, ayrı-ayrı vəzifəli şəxslərin daha məsuliyyətli davranmasını öncədən ideoloji olaraq hazırlamamaq vacibdir”.
Deputatın sözlərinə görə, bu cür hadisələr kənardan da izlənilir və biz əsas verməməliyik ki, istəyimizin əksinə, başqa bir qüvvələr Azərbaycana qarşı hansısa təzyiq vasitəsi kimi istifadə eləsinlər:
“Biz çalışmalıyıq ki, əsas hədəfimizə peşəkar üsullarla irəliləyə bilək. Çünki hər hansı bəhanə Azərbaycan üçün da xoşagəlməz nəticələr doğura bilər”.
Seperatçılara qarşı mübarizənin birgünlük olmadığını deyən F.Mustafa qeyd edib ki, ard-arda bu mübarizəni davam etdirməliyik.
“Sonuncu terrorçu qalana qədər, mübarizəmizin arxayınlığını yaşamağa əsasımız yoxdur”, - deyə Fazil Mustafa əlavə edib.
Nuranə Daxilqızı
















