Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən yanğınla bağlı FHN növbəti dəfə açıqlama yayıb.
Qurumdan bildirilib ki, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.
Yanğın nəticəsində iki nəfər bina sakini yüngül xəsarət alıb.
***17:55
Fövqəladə Hallar Nazirliyi Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın onyeddimərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib.
Yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.
17:55
Bakının Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bina sakinləri təxliyə olunub. Yanğının söndürülməsi üçün əraziyə FHN qüvvələri cəlb edilib.
16:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
















