Uşaqda ağız qoxusu daxili xəstəliklərdən qaynaqlana bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova bildirib.
Həkimin sözlərinə görə, pis ağız gigiyenası, karies, diş əti iltihabı və tüpürcəyin miqdarının azalması halitoza səbəb olur.
O əlavə edib ki, uşaqlarda qastrit, angina kimi xroniki xəstəliklər də ağızdan pis qoxunun gəlməsinə gətirib çıxara bilər. Həmçinin sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu, eləcə də ortodontik aparat istifadə edən uşaqlarda aparatın yaxşı təmizlənməməsi qoxuya səbəb ola bilər.
"Valideyn uşağın dişlərini gündə iki dəfə fırçalamağı və dilini təmizləməyi izləməlidir. Pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidalar nəzarətdə saxlanmalıdır. Əgər ağız qoxusu keçmirsə, mütləq diş həkiminə müraciət edilməlidir. Diş həkimi əvvəlcə gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Problem davam edərsə, uşaq qan analizləri və mədə-boğaz müayinəsi üçün mütəxəssisə yönləndiriləcək", – deyə o qeyd edib.
Mina Mikayılova