Xəbər verdiyimiz kimi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentin imzaladığı Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bakıvaxtı.az Vahid Hacıyevin dosyesini təqdim edir:
Vahid Rasim oğlu Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub.
Bakıdakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Rus, İngilis dillərini bilir.
Ailəlidir, üç övladı var.
Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlayıb. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışıb. 2017-2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutub.
Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışıb. 4 may 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. 22 iyul 2022-ci ildən həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilb.
22.06.2022-ci ildə Vahid Hacıyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.















