Rusiya ilə Avropa arasında gərginlik günü-gündən daha da yüksəlir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Moskvanın maraqları yalnız güc nümayişi və qitədə mümkün "böyük qırğın"dan "Avropada heyvan qorxusu" yaratmaqla təmin edilə bilər.
Bu əsasda Medvedev Moskvanın yumşaq siyasət yürütməkdən uzaq olduğunu diqqətə çatdıraraq qeyd edib ki, böyük qırğının qarşısını almaq üçün nə inandırma, nə xoşniyyət nümayişi, nə də xoşməramlılıq və ya birtərəfli etimad gücləndirmə tədbirləri Rusiyanın aləti olmamalıdır.
Medvedevin bu məqaləsindən sonra Rusiya mətbuatında oxşar tezisdə fikirlər kütləvi surətdə tirajlanır.
O iddia edir ki, Almaniya və Avropanın qalan hissəsi İkinci Dünya Müharibəsi zamanı Rusiyaya qarşı Üçüncü Reyxin SSRİ-yə hücumunu ("Barbarossa 2.0") təkrarlamağa hazırlaşır.
Medvedevin bu fikirlərinin tirajlanması nə məqsəd daşıyır?
Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqalamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Medvedevin bu açıqlaması heç də təəccüblü deyil:
“O dəfələrlə belə heyrətamiz açıqlamaları ilə gündəmə gəlib. Tez-tez dünyanı nüvə silahından istifadə etməklə hədələyir. Bir çox hallarda onun açıqlamaları daha çox sərxoş adamın açıqlamaları təsiri bağışlayır. Medvedevin son açıqlaması isə Rusiyanın gücünü şişirtmək, dünya dövlətlərinin ona baş əyməlidir formulunu daxili auditoriyaya təlqin etmək məqsədi daşıyır.
Əslində isə Rusiya əvvəlki imkanlarından məhrum olub, xeyli zəifləyib.
Daxili resurslarını xərcləyib qurtarır. Rusiya müharibəni aparmaq üçün Şimali Koreyadan, Afrika ölkələrindən əsgər gətirir. Həmçinin, Rusiya 9 may paradını keçirməkdə problem yaşayır. İlk dəfə olaraq paradda hərbi texnika nümayiş etdirilməyəcək”.
Partiya sədri qeyd edir ki, belə ciddi problemlər yaşayan bir dövlətin prezidenti olmuş bir şəxsin bu cür açıqlamalar verməsi gülüş doğurur:
“Onun dedikləri heç bir halda həqiqəti əks etdirmir. Əksinə, belə açıqlamalar fonunda Avropa ölkələrilə münasibətlər növbəti dəfə daha da gərginləşəcək. Bu da heç bir halda siyasi xadim üçün uğur gətirəcək bir açıqlama deyil”.
Bakı 




