Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
Bakıvaxtı.az xəbər verir ki, tibb mütəxəssisi Olqa Ulankina "İzvestiya" nəşrinə müsahibəsində bu problemin gizli təhlükələrindən danışıb.
Ekspertin bildirdiyinə görə, mikroplastiklər süni parçaların aşınması nəticəsində yaranan və ölçüsü 5 millimetrdən kiçik olan plastik zərrəciklərdir. Bu zərrəciklər bədənə ən çox tənəffüs yolu ilə daxil olsa da, qidaların üzərinə çökərək həzm sisteminə də keçə bilir.
"Mikroplastiklərin ən böyük mənbələrindən biri flis (fleece) materialından hazırlanan sviterlərdir. Tamamilə süni və poliester tərkibli olan bu parçadan, xüsusən də yuyulma zamanı gözlə görülməyən mikroskopik tellər qoparaq suya və havaya qarışır", - deyə mütəxəssis vurğulayıb.
Ekspert qeyd edib ki, mikroplastiklərə təkcə flisdə deyil, həmçinin neylon, elastan, akril və poliester tərkibli idman geyimlərində və ev tekstili məhsullarında da rast gəlinir. Onun sözlərinə görə, mikroplastiklərlə təması tamamilə kəsmək mümkün olmasa da, zərərin dərəcəsini azaltmaq olar:
"Mikroplastiklər hüceyrələri zədələyə, iltihab yarada və immun sisteminin işini poza bilər. Lakin onların konkret xəstəliklər yaratması barədə dəqiq sübutlar hələ tapılmayıb, bu mövzu hazırda tədqiqat mərhələsindədir".
O.Ulankina süni tərkibli paltarları daha az yumağı, paltaryuyan maşınlarda həssas rejimlərdən və xüsusi filtrlərdən istifadə etməyi, habelə imkan daxilində təbii materiallardan (pambıq, kətan və s.) tikilmiş geyimlərə üstünlük verməyi məsləhət görüb.
Bakı 




