İşğaldan azad edilmiş Şuşaya səfər mənim üçün Füzuli rayonundan başladı.
Yoxlama məqsədilə keçid məntəqəsində dayandıq. Avtobusdan düşəndə müharibənin və işğalın acı nəticələri ilə üz-üzə idik.
27 illik işğal müddətində mənfur düşmən şəhərimizi, kəndlərimizi viran qoyub. Elə bil torpaqdan, daşdan, çiçəkdən, ağacdan, evdən-eşikdən qisas alıblar. Tarixdə belə bir düşmənçiliyin bəlkə də misli olmayıb.
Ermənilər dədə-baba torpaqlarımızdan bizim izimizi silmək istəsələr də, 44 günlük Vətən müharibəsi ilə işğala son qoyduq.
.jpeg)
Və budur, biz qələbəyə aparan Zəfər yolu ilə Şuşaya gedirik.
Ölkəmizin səfalı yerlərinə adətən dostlarla gedirəm. O yerlərdə təbiətin gözəlliyini görəndə təəccüblənmirdim. Çünki mən özüm də Azərbaycanın ən səfalı bölgəsində boya-başa çatmışam. Amma bu dəfə Şuşa məni çox həyacanlandırdı. Axı, illər boyu Şuşa bizim nisgil yerimiz, həsrətimiz idi.
Şuşanın dağı-daşı, təbii gözəlliyi bir yana, ruhu bizi özünə çəkirdi. Sanki Şuşa özünü sözsüz, səssiz sevdirir. Çıdır düzündə hamının gözündə qəribə bir işartı vardı. Mən isə hiss etdiyimizi sözlə ifadə edə bilmirəm.

Dostumuz, Medianın İnkişafı Agentliyinin rəsmisi Natiq Məmmədli kövrəlib, göz yaşlarını saxlaya bilmir. Elə bil hamı qucaqlaşıb, ağlamaq istəyirdi. Bu, 30 illik həsrətin sonu, Zəfərin verdiyi sevinc göz yaşları idi.
.jpeg)
Şuşa səfəri Vaqifin yenidən bərpa olunan məqbərəsi ilə davam edir. Sonra el arasında “Xan qızı” adlandırılan görkəmli şairə Xurşidbanu Natəvanın dağıdılmış evinin yanından keçərək qala divarlarına tərəf yollanırıq. Ağ qarla örtülmüş təpədən qırmızı rəngdə yazılmış Şuşa sözü görünür. O, bizim möhtəşəm qələbəmizin son nöqtəsi idi.
.jpeg)
Hiss edirdim ki, heç kim Şuşadan ayrılmaq istəmir. Axı, necə ayrılasan... 30 il həsrətdən sonra sevən sevdiyindən ayrıla bilərmi?! Amma səfər müddətimiz başa çatır.
Mədəniyyət paytaxtı olan Şuşadan siyasi paytaxta - Bakıya qayıtmağın vaxtı çatır.
Sonda bir xatırlatma...
Şuşanın girişində hərbi post var. Bu postun bir tərəfində Azərbaycan əsgəri, digər tərəfində Rusiya sülhməramlı kontingentinin əsgəri dayanmışdı. Bizim əsgərimizin qürurlu, başı dik, rahat duruşu “buralar bizimdir, bizim olacaq” mesajını verirdi. Bu, əsgərinə arxayın olan bir vətəndaşın Şuşayla bağlı hissləri idi.
İnanıram ki, biz yaxın müddətdə daha da gözəlləşən, abadlaşan Şuşaya rahat şəkildə gedib-gələ biləcəyik.
.jpeg)
Yaşasın Ordumuz!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
İqbal Alısoy
29.12.2021
Şuşa, Azərbaycan


jpeg-1640869741.jpeg)
jpeg-1640869720.jpeg)
jpeg-1640869720.jpeg)
jpeg-1640869721.jpeg)













