• Bakı 21° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Tehranın “qələbə” ritorikası və reallıq: informasiya savaşının təzahürləri

CƏMİYYƏT

24 Iyun 2025 | 10:24

Tehranın “qələbə” ritorikası və reallıq: informasiya savaşının təzahürləri

İran-İsrail qarşıdurmasının ən gərgin mərhələsi başa çatsa da, tərəflərin təqdim etdiyi informasiya tamamilə ziddiyyətli mənzərə yaradır. İranın dövlət mediası – İRİB son günlər baş verənləri öz hərbi üstünlüyünün nəticəsi kimi təqdim edir. Rəsmi bəyanatlarda ABŞ-ın Qətərdəki bazasına raket hücumu səmərəli “cavab zərbəsi” kimi şərh olunur və bu əməliyyatın sonda atəşkəslə nəticələndiyi vurğulanır.

Lakin beynəlxalq müşahidəçilərin və hərbi ekspertlərin fikrincə, bu təqdimat daha çox daxili auditoriyaya hesablanmış təbliğat taktikasından ibarətdir. İranın həyata keçirdiyi raket hücumlarının nəticələri, texniki göstəriciləri və strateji effekti nəzərə alındıqda, mövqelərinin zəiflədiyi aydın görünür. Məlumatlara görə, buraxılan raketlərin əksəriyyəti havada zərərsizləşdirilmiş, yalnız biri hədəfdən kənara düşmüşdür.

Bundan əlavə, qarşıdurma zamanı İran hərbi elitasında itkilər baş verib. Məlumata görə, SEPAH rəhbərliyindəki bir sıra şəxslər zərbələr nəticəsində sıradan çıxarılıb və bu, Tehranın hərbi-strateji koordinasiyasına mənfi təsir göstərib. Həmçinin ölkənin hava hücumundan müdafiə sisteminin zəifliyi və texnoloji geriliyi bir daha üzə çıxıb.

Bəzi mənbələrin yaydığı məlumata görə, İran Qətərdəki baza ilə bağlı Vaşinqton və Dohanı öncədən məlumatlandırmışdır. Bu isə həmin hücumun taktiki deyil, simvolik xarakter daşıdığını və yalnız daxili ictimaiyyətdə dirəniş təəssüratı yaratmaq məqsədi güddüyünü göstərir.

Bununla belə, İranın simvolik addımları belə, regionda müharibə riskini artırır. Tehranın atacağı növbəti radikal addımlar – məsələn, Hörmüz boğazının bağlanması və ya regional bazalara genişmiqyaslı hücumlar – artıq beynəlxalq gündəmdədir.

Hazırkı proseslər onu da göstərir ki, İran bu qarşıdurmada həm diplomatik təşəbbüsləri zəiflədir, həm də iqtisadi və hərbi təzyiqlərə daha açıq hala gəlir. Rəsmi Tehranın ritorikası güzəştə getməməyi bəyan etsə də, reallıqda həm itkilər, həm də beynəlxalq təcrid riski rejimi daha sərt seçimlərlə üz-üzə qoyur.

Nəticə olaraq, İranın informasiya səviyyəsindəki “qələbə” çağırışları, əslində, reallıqla üst-üstə düşmür. Məhz bu səbəbdən, bu qarşıdurma həm hərbi, həm də informasiya müharibəsinin paralel aparıldığı müasir savaşın klassik nümunəsinə çevrilir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR