Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.
Azərbaycanla Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini qeyd edən nazir vurğuladı ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Teymur Musayev, həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirin sözlərinə görə, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur.
Əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu vurğulayan Teymur Musayev, həmçinin ölkələrimiz arasında bu sahədə uğurlu əməkdaşlığın olduğunu qeyd edib.
Öz növbəsində Dmitri Pineviç Belarusun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Yaxın tarixdə Belarusla Azərbaycan arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini qeyd edən səfir, ötən illər ərzində Azərbaycan-Belarus münasibətlərin böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər əczaçılıq sənayesi, tibb və səhiyyə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.