“Rusiya sülhməramlılarının Qarabağdakı komandanı dəyişdirildi. Bu dəfə Andrey Volkovu Aleksandr Lentsov əvəz edəcək. Bu, birinci yerdəyişmə deyil. Lakin bu yerdəyişmələr sülhməramlıların fəaliyyətində hansısa ciddi keyfiyyət dəyişikliyinə gətirib çıxarmayıb”.
Bunu Bakıvaxtı.az-a deputat Elman Nəsirov Rusiya sülhməramlılarının Qarabağdakı komandanının dəyişdirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Volkovun dövründə də, ondan əvvəlki zamanda da Qarabağda qeyri-qanuni silahlı qruplaşmalar öz fəaliyyətini davam etdirir, dağıdıcı işləri ilə məşğul idilər:
“Ona görə də Lentsovun da hansısa ciddi dəyişiklik edəcəyinə cəmiyyətimizin inamı yoxdur. Lakin çox istərdik, hətta 10 Noyabr Bəyannaməsinin tələbidir ki, sülhməramlılar Azərbaycan və Ermənistan arasında sülh sazişinə mane olacaq əsas amilin qarşısını alsın, qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasına nail olsun”.
Müsahibimiz vurğulayıb ki, belə olan halda regionda uzunmüddətli və dayanıqlı sülh və əmin-amanlığa unikal imkanlar pəncərəsi açılmış olar:
“Biz buna ümid bəsləyərik. Bu, dinc yolla baş verməyəcəyi təqdirdə, Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz, “Dəmir Yumruğ”a sığınmış xalqımız öz missiyasını növbəti dəfə anti-terror əməliyyatı yolu ilə həyata keçirməyə məcbur olacaq”.
Elman Nəsirov Ermənistan tərəfinin ciddi nəticələr çıxarmalı olduğunu vurğulayıb.
Nuranə Daxilqızı
















