Həm insan sağlamlığına, həm də regionun iqtisadiyyatına mənfi təsir göstərən toz və qum fırtınaları həftələrdir Yaxın Şərq ölkələrini əsir götürüb. İraqda həyatı iflic edən fırtınalar Türkiyənin sərhəd rayonlarına da təsirli olub.
Bakıvaxtı.az xəbər verir ki, Yaxın Şərqi dağıdan qum fırtınası səmanı Dubaydan Suriyaya qədər narıncı rəngə “boyayıb”. Yüzlərlə insan tənəffüs problemlərinə görə xəstəxanalara düşüb. Toz buludları ilə örtülmüş, görmə qabiliyyətinin azaldığı şəhərlərdə iş yerləri bağlanıb, təlimlər və uçuşlar dayandırılıb.
Mütəxəssislər bölgədə nəfəs kəsən qum fırtınaları üçün təcili tədbirlər görülməsinə çağırıb. Vəziyyətin getdikcə pisləşdiyi barədə xəbərdarlıq edən ekspertlərin fikrincə, güclü qum fırtınalarının əsas səbəbi iqlim dəyişikliyi və hökumətlərin zəif fəaliyyət planlarıdır.
Həftələrlə davam edən “narıncı təhlükə”nin ən böyük təsiri şübhəsiz insan sağlamlığınadır. Dünyanın ümumi neft ehtiyatlarının yarısından çoxuna sahib olan və dəniz nəqliyyatında strateji mövqedə olan Yaxın Şərqi bürüyən qum fırtınaları qlobal iqtisadiyyat üçün də böyük risklər yaradır.
İlin bu vaxtında baş verməsi adi hal olsa da, hər keçən il fırtınaların intensivliyi və tezliyi artır. Bağdad Əl-Müstənsiriyyə Universitetinin Atmosfer Elmləri üzrə professoru Əli Attiya yaz fəslində bir ayda təxminən 1-3 fırtınanın müşahidə edildiyini, lakin bu ilin aprel ayından bəri ölkədə ən azı 9 böyük fırtınanın qeydə alındığını bildirib. Digər tərəfdən, daha sıx qum fırtınalarının qapıda olduğu açıqlanıb. Açıqlamaya görə, ölkədə bir il ərzində toz buludları ilə örtülən günlərin sayı 272-yə yüksəlib. Toz və qum fırtınalarının təsirli olduğu günlərin sayının 2050-ci ildə 300-ə qədər arta biləcəyi bildirilir.
Yaxın Şərq İnstitutunun İqlim və Su Proqramının direktoru Məhəmməd Mahmud CNN İnternational-a deyib ki, İraqda olanlar Yaxın Şərqin digər bölgələrində baş verə biləcək hadisələrin erkən xəbərdarlıq əlaməti kimi qəbul edilməlidir. Mahmud Körfəz ölkələrinin də güclü fırtınalara qarşı həssas olduğu, Misir və Liviyanın da risk altında olduğu bildirlir.
Aytac Aslan




















