• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Əsl sevginin sirri - Oğuz Ayvaz yazır
YAZARLAR
14 Fevral 2022 | 15:28

Əsl sevginin sirri - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

"İnsan ömür boyu bir qadını sevməz, bir neçə qadını sevər”. Bu şüardan yola çıxıb yazıya start götürürəm.

Elə özümdən başlayıram. 31 illik həyatımda neçə qadın sevmişəm? Bir dəqiqə düşünüm, yazıram...

Aha, yadıma düşür, iki, ya da üç qadın. Ancaq bundan sonrakı ömrümdə bir qadını sona qədər sevə bilərəm. Bu isə bayağılıq yox, sevginin özüdür...

Bir qohumum var. Tələbəlik illərindən sevdiyi qızı hələ də unuda bilmir. Zalımın balası 35 yaşa çatıb. Di gəl, hələ də o qızı necə sevdiyindən tez-tez danışır. O qıza görə də evlənməyib. Yəqin ki, ömür boyu onun yasını tutacaq. Freyd deyirdi ki, sevgi yox, libido var. Mən də buna cavab olaraq deyirəm: sevgi də var.

Sevgi sərhədsiz, sınırsız, ucsuz-bucaqsız, sonsuz çöl kimi olmalıdır. Nə qədər əlləşsən, nə qədər kitablar oxusan, filmlər izləsən sevginin izahını, düsturunu deyə bilməzsən. Sevgi mütləq ki, qadından başlanır. Mənə elə gəlir, qadınların hətta beyinləri də ürəkləri kimi işləyir. Kişilər o ürəyə köç etmək istəyir. Özü də tezbazar. Çox vaxt da kişilər ehtiraslarının qurbanı olurlar. Bu amansız dünyada öyrəndiyim bir şey də var sevgi haqqında. İki insan bir-birinə bənzəyirsə onları ayırmaq qeyri-mümkündür. Söhbət sevgidən gedir.

"Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri-birini sevdilər. Və evlənmək qərarına gəldilər. Bəy və gəlinsə həmişə bir-birinə hədiyyə verir. Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi. Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı. Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə kəsdirdiyi saçları üçün daraq”.

Bu parça Brazilya yazıçısı Paulo Koelionun "Ryo Pyedronun sahilində oturdum və ağladım” romanındandır.

Paulo Koelio bu əsərdə sevgi ilə bağlı maraqlı fikirlər irəli sürür. Hətta romanın başlanğıcında o, sevginin narkotik olduğunu və hər insanın bu narkotikdən daddığını bildirir.

Şübhəsiz ki, hər bir insan müəyyən yaş dövründə sevib və ya sevilib.

Psixoloqlar deyir ki, əslində sevgi cinsi azlıqdan, seksual təlabatdan yaranır. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma romanı oxuyarkən bu fikir məni yaman narahat etdi. "Leyli və Məcnun”u xatırlayaq. Orda Leyli axırıncı dəfə Məcnunun yanına gələndə o, sevdiyini rədd edir və deyir: "Mən səni özümdən də qısqanıram”.

Qısqanmaq sevginin qığılcımıdı, gör Məcnun necə sevib ki, onu hər şeyə, hətta özünə belə qısqanır.

Amma məni maraqlandıran başqa bir məsələ var. Biz Məcnun sevgisini ilahi məhəbbət adlandırır və onun altından xətt çəkirik. Ancaq elmi izahla yanaşsaq, Məcnunun məhəbbəti ağılla hissin qarşılaşmasıdır və sonda belə bir nəticə ortaya çıxır ki, hiss ağıla qalib gəlir. Demək, Məcnun doğurdan bir dəli imiş? Məcnun sözünün farsca mənası isə "aşiq və dəli deməkdir”. Aha, sevməklə dəlilik bir nöqtədə uzlaşır. Belə çıxır ki, Məcnun son dəfə onun yanına gələn Leylini ona görə rədd etmişdi ki, artıq o öz Leylisini qəlbində yaratmış və onu dəlicəsinə sevmişdir. Artıq realdakı Leyli ona cəmiyyət qədər ziyanlı görünürdü. Məcnun cəmiyyətə məğlub oldu, amma sevgiyə qalib gəldi.

"Sevgi yalnız sevib dərk olunur” -  romandakı bu fikirlə razılaşmamaq qeyri-mümkündür. Allahı görmək mümkün deyil, ancaq ona inananlar Tanrının varlığından xəbərdardırlar. Sevgi də eynən bu cürdür, yanlız onun varlığını anlamaq lazımdır. Vəssalam, möcüzə isə öz-özünə baş verəcək.

Yazımın son cümləsi də belə olsun: "Sevgi əbədidir, sevgililər müvəqqəti”.


SON XƏBƏRLƏR

26 Dekabr 2024