• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Sevgilisindən ayrılıb şair olmaq istəyənlər - Oğuz Ayvaz yazır
YAZARLAR
04 Yanvar 2022 | 12:29

Sevgilisindən ayrılıb şair olmaq istəyənlər - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

İnsanlar həmişə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Özünü tapa bilməyənlər özlərini ədəbiyyata soxuşdurmaq istəyirlər.

Bizim ədəbiyyatda da "n” qədər belə adamlar var. Bədbəxtlik ondadır ki, bir adam demir, a kişi, sənin yerin səhvdi.

İşdən ayrılır, şeir yazır, sevgilisindən ayrılır, şair olur, kitab oxuyur, yazıçı donuna girir və ilaxır...

Bir tanış var. Ömrü boyu bir kitab üzü açmayıb, həyatında yaşadığı uğursuzluqları aforizmlərə çevirib. Özünə də filosof deyir. Üstəlik kitab da çıxartdırdı, təqdimat da elədi. Sosial şəbəkələrdə bəh-bəhlə fotolarını paylaşdı ki, qoy camaat buna uğurlar yazsın. İnsanlar şöhrətə, dahi olmağa o qədər meylli olurlar ki, bir də ayılanda görürlər hər şey alt-üst olub. Həyatları yolda qalıb. Pelevin necə deyirdi: Vaxtsız gələn şöhrət ölüm kimidir.

Mirzə Cəlil kimi, Axundov kimi, Rəşid Behbudov kimi, Üzeyir kimi şəxsiyyətlər xalqın içindən çıxıb. Xalq olaraq həmişə istedadlı, kəskin yumor hissimiz mövcuddur. Lakin cəmiyyətimizin içində yerlərinin harda olduqlarını tapa bilməyən kütlə də var. Bu kütlə içi boş qazan kimi danqıldayır...

Adam var ki, iqtisadiyyatdan yaxşı başı çıxır, gedib bu işin qulpundan yapışmır, tamam ayrı sahəyə baş vurur. Ya da yaxşı səsi olan biri mahnı oxumaq əvəzinə, gedir şeir yazır. İnsanlarımız belədi. Özlərini sınamaq yox, fərqli şeylər etmək onlarlıq deyil.

İnsanlar yaddaşlarda, tarixdə qalmaq istəmirlər. Sadəcə öz eqolarını, qürur hisslərini bəsləməklə məşğul olurlar. Qoy camaat desin, bu nə kişidi! Biz nə vaxta qədər başqaları üçün yaşayacağıq? Nə vaxta qədər özümüzdən qaçacağıq? Belə-belə özlərini aldadır insanlar. Xoşbəxtliyi imitasiya edirlər. Ona görə də maskalanırlar. Özü də bir şey də deyim, bu insanların əksəriyyətinin maddi vəziyyəti yaxşıdı. O zaman bunların dərdi nədi? Niyə öz həyatlarına türklər demiş, odaklanmırlar? Çox vaxt da qibtə etdikləri insanlara baxıb "kaş mən də onun kimi olardım” deyə düşünürlər. Bu olmayan, kor düşüncə onların axırına çıxır.

Ay insanlar, siz öncə özünüzlə dost olun, özünüzü özünüzə təslim edin. Başqalarının həyatları sizə nə gətirəcək? İstedad hər kəsə verilib. Ola bilməz ki, bir insan tamamilə istedadsız olsun. O nə vaxt istedadsız olur? Öz yerində olmayanda. Tutaq ki, şeir yazır, baxırsan, qurudur, sözlər ölə-ölə çıxır ağzından. Bu həqiqəti ona deyirsən, amma xeyri olmur, yenə də yazır, yenə də özünü şair hesab edir. Bəlkə o adam yaxşı bir tarixçi ola bilər, kim bilir? Nə yapışmısan şeirdən? Burda "şair” sözünü başqa sözlə də ifadə edə bilərsiniz.

Ümumiyyətlə, həyat özünü ifadə etmək yeridir. Özünü tapmalısan. Sən hardasan? Harda uğur qazana bilərsən?

Bax, o zaman həyat sənə təbəssüm edəcək...


SON XƏBƏRLƏR

23 Aprel 2024