• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ad günümdə ağlayacam - Oğuz Ayvaz yazır
YAZARLAR
03 Mart 2022 | 10:49

Ad günümdə ağlayacam - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Bu gün mənim doğum günümdür. “Babamın öldüyü yaşdayım” – deyirdi Teoman. Bu mahnı mənə çox yaxındır. Çünki, ad günümün səhəri anam intihar etmişdi. O gündən ad günlərinə münasibətim dəyişdi. Bir şeylər qırıldı, çilik-çilik oldu. Ad günümdə anamın intihar ipi, bir də meyvəli tort yadıma düşür. Bir də hardansa atamın işıqlı təbəssümü gözümdə canlanır.

Geriyə baxanda bu qısa həyatım haqqında düşünürəm. Bu yaşa kimi nələr etdim, nələr edə bilmədim, nələr yaşadım, nələr yaşaya bilmədim...

Uşaq vaxtı ad günlərimdə gözüm evimizin divarında çıqqıldayan saata baxardı tez-tez. Axşam gəlsin, atam oyuncağımı gətirsin deyə. Hər dəfə də atam əlində çaxır şüşəsi, bağlama ilə qapıda görünərdi. Üzündə ifadə edə bilməyəcəyim uşaq təbəssümü olardı. Atamın gözlərində çərpələng uçuran uşaqların sevinci işarardı. Boynunu qucaqlayıb acgözlüklə bağlamamı açar, mutlu olardım. Hər il ad günüm bu cür keçərdi. İllər içimdəki uşağı böyüdürdü...

Sentimentallığa varmaq istəmirəm. Sizi kövrəltmək kimi də niyyətim yoxdu. Yazdıqlarımı film, ya da bir hekayə kimi xəyal edin. Heç olmayıbmı dram filmi sizi gözyaşlarına boğa, yaxud da bir hekayə...

Özümdən yazmaq ağırdı mənə, həm də çətin. Axı, insan dərinlərdə kim olduğunu heç özü də bilmir. Biz kimik? Niyə varıq? Hər il ömrümüzdən bir il geridə qalır və biz bunu qeyd edirik, qəribədir.

Bu otuz ilin son 10 ili içimdə tənhalıq ərazisi yarandı. Bu ərazidə şeirlər, hekayələr, bir də roman becərdim. Sonralar bu əraziyə bir qadın və qızcığaz da qoşuldu. Ərazidə ağaclar, güllər əkildi. Tənhalıq ərazim quraqlıqdan əziyyət çəkirdi. Yağışlar da yağmağa başladı. İndi bu ərazidə yaşamağı öyrənirəm. Daha ad günlərinə o qədər də nifrət etmirəm.

Sadəcə uşaq yaşlarımdakı sevincim öləziyib. Həyatı, insanları tanımaqla məşğulam. Xoşbəxt olmağa vaxtım yoxdur. O zamanı tapmaq üçün mübarizədəyəm.

İvan İliç kimi ölmək istəmirəm. Covani Droqo, yaxud da Raskolnikov olmaq arzusunda deyiləm. Geridə qalan ömrümü heyvanlarla yaşamaq diləyindəyəm. Elə istərdim ki, atım, inəklərimiz, qoyunlarımız, itlərimiz, pişiklərimiz olsun. At deyəndə Çexovun “Qüssə” hekayəsi yadıma düşür. İt deyəndə isə itirdiyim Qodimiz xəyalımda canlanır. Yaşadığım mühiti itlər və pişiklər qəsəbəsi adlandırmışam. Hərdən darıxanda onlara üz tuturam.

Bir yandan da müharibə içimi sızldadır.

Uşaqlar ölməsin, analar ağlamasın.

Dayansın savaş!

Bitsin savaş!

Ad günündən sonra nələr yaşayacam, bilmirəm. Doğrusu, heç bilmək də istəmirəm. Planlı yaşamaq olmur. Həyat mənə hər şeyi özü göstərəcək. Mən anlarla xoşbəxt olmağı bacarıram. İndi bu an gözəl hiss edirəm. İçimdəki hüznü qova-qova bu yaşa gəlib çıxdım. İndi işıqlı bir şəhərdə yaşayıram. Bu şəhərin nağılını da özüm yazıram.


SON XƏBƏRLƏR