Evimizdə televizor yoxdu. Heç almağı da düşünmürük. Nəyə lazım? Guya alsaq, inkişaf edəcəyik? Televizorsuz da yaşamaq olur. Amma kitabsız, filmsiz dözülməz olar yaşamaq.
Bir yerdə oxumuşdum ki, televizor izləməyin üç buddist yöntəmi var. Mahiyyət etibarilə hamısı eyni üsuldur, sadəcə olaraq müxtəlif təlim səviyyələrində müxtəlif cür görsənir. Öncə sən televizora səsi alınmış vəziyyətdə baxırsan. Təxminən yarım saat, öz sevimli tele-verlişlərinə. Əgər televizorda nə isə vacib və maraqlı bir şeyin deyildiyi ilə əlaqədar fikir ortaya çıxsa, sən həmin an bunu dərk edirsən və onu neytrallaşdırırsan. Əvvəlcə sən özünü itirib səsi qaldıracaqsan, amma vaxt keçdikcə öyrəşəcəksən. Əsas odur ki, özünü saxlaya bilməyəndə günah hissi yaranmasın. Təzə-təzə bu, hamıda belə olur, hətta lamalarda da. Daha sonra sən televizora səsli, lakin görüntüsüz baxmağa başlayırsan. Ən nəhayət isə sən söndürülmüş televizora baxmağa başlayırsan. Bu, ən əsas texnikadır, ilk ikisi isə hazırlıq xarakteri daşıyır. Bütün xəbər verilişlərinə baxırsan, amma televizoru yandırmadan. Çox vacibdir ki, bunu edərkən qamət düz olsun, əlləri isə qarın nahiyəsində mövqeləşdirəsən - sağ bilək aşağıda, sol isə yuxarıda. Bu kişilər üçün idi, qadınlar üçün isə əksinədir. Fikri bir saniyə də olsun yayındırmaq olmaz. Əgər 10 il dalbadal, heç olmasa gündəlik 1 saat bu cür televizor izləsəniz, televiziyanın təbiətini dərk edə bilərsiniz. Elə başqa şeylərin də həmçinin.
Azərbaycan televiziyalarına niyə baxmıram? Bunun cavabı sadədən də sadədir. Kanallarımız bayağılığı, savadsızlığı, toyu təbliğ edir.
Bəli, bizim evdə televizor yoxdur, ancaq mən o televizoru xəyalən salonumuzda görəndə gözümün qabağına Zaur, Elgiz, Xoşqədəm gəlir. Və oturub onların heç kimə lazım olmayan verilişlərinə baxıram. Arada onların yerinə başqa mövzular da qoyuram. Sonra da yoldaşım gəlib deyir, hara baxırsan? Deyirəm, televizora. O, divara baxdığımı görüb gülümsünür. Nə fərqi var ki, ya divara baxırsan, ya da bizim televiziyalara?
Yadımdadır, bir dəfə ATV-dən çağırmışdılar məni. Mövzu da yuxular idi. Qonaqların heç biri yuxu haqqında maraqlı, yaxud qeyri-adi bir söz deyə bilmədi. Psixologiyada yuxunun yeri, Quranda yuxu haqqında ayə varmı və ilaxır kimi boş söhbətlərə qulaq asmalı oldum. Verilişdə ola-ola televizoru söndürdüm və məni yuxu tutdu. Yuxular mövzusunda yuxum gəlirdi, hərdən operator əsnəməyimi görüb mənə irad tuturdu.
Növbəti qonaq olduğum veriliş Space TV-də idi. Adını demirəm, eldən ayıbdır. Mövzu müasir ədəbiyyat idi. Nə gözəl! Amma orda ədəbiyyat qaldı bir kənarda, ürəkləri nədən istədi, ondan da danışdılar. Məzmunsuz bir şair mənim saqqalıma irad tutdu, başqası mentalitetdən dəm vurdu, o biri gənclərin pozulub getdiyini dedi. Bilmədim, bunların ədəbiyyata nə dəxli var? Hətta bir nüansı da deyim, mənzərə daha aydın olsun: qonaqlardan biri tamaşaçıların hər birinə iki manat pul vermişdi ki, o danışanda əl çalsınlar. Tamaşaçıların üzündə həyat sönmüşdü, yaşayan ölülər idi onlar. Cəlil Məmmədquluzadənin “Ölülər”i kimi. Cəlilin yaratdığı obrazlar indi, həm də kanallarda at oynadır.
Günün hansı saatında hansı kanala baxırsan şablon mövzu, monoton söz-söhbət, tutuquşu kimi eyni sözü deyən qonaqlar. Elə bil hər şey əvvəlcədən düşünülüb ki, tamaşaçılar manqurtlaşsın. Mən Azərbaycan kanallarını izləyən tamaşaçılara bu yazı vasitəsilə demək istəyirəm ki, ondansa gedib bulvarda gəzsinlər, hava alsınlar, bəlkə beyinlərinə oksigen gedər. Onsuz da kitab, qəzet oxumayacaqlar, heç olmasa Xəzərdən zövq alsınlar.