Yaxşı yaşadığımız gün bizə sakit yuxu gətirdiyi kimi, yaxşı yaşadığımız ömür də bizə sakit ölüm gətirir...
Leonardo da Vinçi
2022-ci il həyatıma qədəm qoyandan ətrafımda ölüm hadisələri cərəyan edir. Marketdə işləyən oğlan ölümdən danışır, dostum qohumunun faciəli həlakından söz açır, kənddən virusa yoluxub vəfat edənlərdən xəbər gəlir. Ötən gün isə ölüm yanımızdan səssiz-səmirsiz ötüb keçdi. Qara xəbər şad xəbərdən niyə belə tez yayılır? Bu sirr nədir? İnsanların ölümə olan qorxusudurmu?
Qonşumuzda baş verən cinayət hadisəsi də ölümün bu günlərdə necə ucuzlaşdığının bariz nümunəsidir. Arvad ərini bıçaqlayaraq öldürüb. Özü də uşaqlarının gözü önündə. Hadisəni təsəvvür eləmək belə adamı ürpədir. Kasıb ailə olduqlarını bilirdim. Necə ki, Azərbaycanda sosial-maddi problemlərlə əlləşən yüzlərlə ailə kimi. Ölən oğlanla yaşıd idik. İki, ya da üç həftə əvvəl rastlaşmışdıq. Evlərində qazını, işığını kəsmişdilər. Son sözü “yaxşı olar” olmuşdu. Təbəssümü üzündə donmuşdu.
Statistikaya nəzər yetirəndə adamın gözü kəlləsinə çıxır. Canımızdan bu qədərmi bezmişik? Vəziyyət bu qədərmi ağırdır? Suallar həqiqətə aparan yollardır.
Ailədə pul-para sıxıntısı uzun müddət davam elədikdə sonu ölüm olmamalıdır. Hər şeyin çarəsi mütləq ki, tapılar. Mənə elə gəlir, cinayət hadisələrinin əksəriyyəti affekt halında olur. Yığılan, palaz altına toplanan problemlər gün gəlir üzə çıxır və aləm dəyir bir-birinə.
Koronavirus planetə yayılandan ölüm birinci dərəcəli gündəmdir. Dünyanın hər yerindən ölümü təbliğ edirlər. İnsan ovu da deyə bilərik buna. Nə qədər insan ölürsə, nüfuz sayı aşağı düşür. Məqsəd bəşəriyyəti təmizləmək və ölümü şüuraltımıza yerləşdirməkdir. Müəyyən qədər də istəklərinə nail olurlar.
Dünyada artıq virtual dəfn xidməti də mövcuddur. Ölüm belə bu gün sənayeləşir. Sanki insanı qoyun kimi kəsib yeyirlər. Rəqəmsal dəfn xidməti təxminən belədir: öləndən sonra sizin sosial şəbəkə hesablarınız, şifrələriniz, e-mail ünvanlarınız, gizli mesajlarınız, fotolarınız, bir sözlə, hər kəsdən saxladığınız sirlər silinəcək və boşluğa, heçliyə göndəriləcək. Bunun üçün öncədən pul köçürməli olacaqsınız. Daha sonra isə sizin “onlayn cənazə mərasimi”niz təşkil ediləcək.
Təsəvvür edin ki, 10 il sonra bu xidmət Azərbaycana gəlir və virtual mollalar bizi dəfn edir. Ağıçı, qadınlar onlayn vəziyyətdə əllərini dizlərinə çırpıb vay-şivən qoparırlar. Onda Mirzə Cəlil demiş, vay bizim halımıza. Əsl tragikomediyadır.
Ölümün dolu kimi yağdığı bu dövrdə bir-birimizdən bərk yapışaq... amma bir dəqiqə, yadımdan çıxmışdı. Qucaqlaşa da bilmərik, axı. İndi də omikron qorxusu yayıblar. Günəşli günləri gözləmək ümidi ilə...