Argentinanın xarici işlər naziri Xerardo Verteyn bazar ertəsi axşam saatlarında istefa ərizəsini Prezident Xavyer Mileyə təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü "La Nacion" nəşrinə yüksək vəzifəli mənbələr bildiriblər.
Qeyd olunur ki, bu qərar nazirin sosial mediada Mileyin müşaviri, prezidentin media strategiyasına cavabdeh olan Santyaqo Kaputo ilə əlaqəli istifadəçilərin tənqidlərindən yorulması ilə bağlıdır. Verteyn oktyabrın 14-də Vaşinqtonda Mileyin ABŞ Prezidenti Donald Trampla keçirilmiş görüşünə bazarların mənfi reaksiyasına görə məsuliyyət daşımaqda günahlandırılıb.
Verteyn həm də Respublikaçılar Partiyası ilə yaxşı əlaqə saxlamamaqda ittiham olunurdu.
İstefa seçkidən sonrakı dövr üçün nəzərdə tutulmuşdu, lakin Kaputonun kabinetə gəlməsi və Prezident tərəfindən ictimai dəstəyin olmaması səbəbindən sürətləndirilib.
Hazırda Argentinanın xarici işlər naziri postuna potensial namizəd məlum deyil.