Rusiya Dövlət Dumasının iki palatası süni intellektdən (AI) istifadə məsələsinə baxır. Bildirilir ki, hazırlanmış müvafiq qanun layihəsi çərçivəsində müzakirələr süni intellektin yaratdığı məzmunun etiketlənməsinə yönəlib. Lakin gələcəkdə müzakirə genişlənərək sosial və gündəlik həyatdan siyasətə qədər geniş sahələrə təsir edə biləcək süni intellektlə bağlı məhdudiyyətləri əhatə edə bilər.
Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin deyib ki, süni intellekt təkcə uşaqlar arasında deyil, problemlərin həlli və esselərin yazılması üçün də populyardır. Volodin bildirib ki, çox vaxt realdan fərqlənməyən müxtəlif məzmun növlərinin - fotoşəkillərin, videoların və mətnlərin yaradılmasında süni intellektdən aktiv istifadə ilə bağlı artıq çoxlu şikayətlər daxil olur.
“Bundan başqa, süni intellekt tərəfindən yaradılan məhsullar bəzən qeyri-qanuni məqsədlər üçün, eləcə də insanları çaşdırmaq üçün istifadə olunur”, - spiker bloq yazısında izahat verib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Azərbaycanda süni intellektin tətbiqi və idarə olunması istiqamətində proseslər mərhələli şəkildə həyata keçirilir. Hazırda süni intellektin istifadəsinin məhdudlaşdırılması və ya daraldılması ilə bağlı konkret qanunvericilik təşəbbüsü yoxdur. Lakin bu sahədə normativ-hüquqi çərçivənin formalaşdırılması istiqamətində mühüm addımlar atılır.
2025-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” rəqəmsallaşma prosesini vahid strateji istiqamətə yönəldib. Bu sənəd rəqəmsal idarəçiliyin təkmilləşdirilməsi, süni intellektin etik və təhlükəsiz tətbiqi, rəqəmsal hüquqların qorunması kimi məqsədləri özündə birləşdirir. Konsepsiya süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatda və sosial sferada istifadəsinə şərait yaradan əsas sənədlərdən biridir.
Bununla yanaşı, hazırlanmış “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası” süni intellekt texnologiyalarının inkişafını tənzimləyən ilk milli sənəddir. Strategiyada əsas məqsəd texnologiyanın təhlükəsiz, məsuliyyətli və etik prinsiplərə əsaslanan şəkildə inkişaf etdirilməsidir. Burada dövlət və özəl sektor əməkdaşlığı, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və süni intellekt ekosisteminin formalaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilib.
Belə bir şəraitdə süni intellektin sərt şəkildə məhdudlaşdırılması doğru yanaşma hesab edilmir. Əksinə, məqsəd tənzimləmə mexanizmlərini gücləndirməklə bu texnologiyanın şəffaf və məsuliyyətli şəkildə inkişafına nail olmaqdır. Çünki süni intellektin innovativ potensialı ölkənin iqtisadi və sosial transformasiyasına ciddi töhfə verir və onun düzgün istiqamətdə idarə olunması gələcək inkişaf üçün əsas şərtlərdəndir".