Latviya Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin onun hava məkanından uçmasına icazə verməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi LETA xəbər agentliyinə ABŞ və Rusiya prezidentlərinin Budapeştdə əvvəlcədən planlaşdırılan, lakin təsdiqlənməmiş görüşünü şərh edərkən bildirib.
Xarici İşlər Nazirliyindən qeyd edilib ki, Latviya ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmaq səylərini dəstəkləyir, lakin hələ də Putinin konstruktiv sülh prosesində iştirak etməyə hazır olduğuna dair heç bir əlamət görmür. Rusiya Ukraynaya qarşı hava hücumlarını artırmağa, mülki vətəndaşları öldürməyə, mülki və mühüm infrastrukturu məhv etməyə davam edir.
"Latviya Rusiyanın Ukraynaya qarşı müharibəsində və Ukraynada hərbi cinayətlər də daxil olmaqla, beynəlxalq hüququn ciddi şəkildə pozulmasında məsul şəxsə öz hava məkanından uçuş icazəsi verməyəcək", - nazirlik bildirib.