• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

“TikTok”dan niyə iyrəndim? - Oğuz Ayvaz yazır
YAZARLAR
25 Yanvar 2022 | 10:55

“TikTok”dan niyə iyrəndim? - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Kapitalizmin tüğyan elədiyi bu dövrdə insanları düşündürən yeganə şey puldur. Cəmiyyət olaraq hər zaman ikinci iş axtarışında olmuşuq. İş yerimiz ola-ola başqa sahələrdən pul qazanmağın min bir yolunu fikirləşmişik. Pul qazanmağın asan yolları isə sosial şəbəkələrdən keçir. Necə? Diqqət aşağıdakı abzasa.

Hazırda “TikTok” ən populyar sosial şəbəkədir. Bu platformada izləyici toplaya bilsən, canlı yayımlar açıb pul qazana bilərsən. Üstəlik izləyici və izlənmə çoxalırsa, reklam təklifləri də ala bilərsən. Hələ hesabını satıb qazanc əldə etmək də mümkündür.

Bütün bunlardan sonra “TikTok”dan qeydiyyatdan keçdim. İstədim ki, qısa videolar çəkib pul qazanam. Di gəl, səbrim çatmadı. Qarşıma çıxan əcaib, qurşaqdan aşağı video-çarxlar ürəyimi bulandırdı. Homoseksuallar, fahişələr, eqoistlər, pul dilənən fırıldaqçılar, qaqalar, ərgən qızlar, ağıldan kəmlər, dəlilər və s. Bütün bu personajlara dözmək üçün gərək ki, əsəblərin tam sağlam olsun.

İki gün bu videolar beyin hüceyrələrimi öldürür, psixoloji təzyiq edir, öz dəhşətli çarxına çəkirdi məni. Bu çarxa keçən ya ağlını itirir, ya da zombiləşir. Demək olar, “TikTok”da 90 faiz insan zombiləşib. Qalan 10 faiz kütlə isə maarifləndirici, mədəni, maraqlı videolar çəkir. Az qalsın Tosunu unudurdum. Bu platformanın yarısından çoxu onun sərgüzəştləri ilə dolub-daşır. Tosuya baxıb laqqırtı vuran kütlə də onun üçün səhifələr, qruplar, hətta Tosu TV-də yaradıblar. “TikTok” kütləsi düşünmək, əylənmək yox kiminsə qüsurlarından, kiminsə axmaqlıqlarından həzz almaq istəyirlər.

Burada ən layklı, ən baxımlı videolar 60 saniyəlik olur. Həyatda heç bir ciddi mövzu 1 dəqiqə içində danışıla bilməz. “TikTok”dakı videolar əslində “heç bir şey” deyə biləcəyimiz nəsnədən, içi boş mövzulardan ibarətdir.

Sosial media gənc beyinləri hər mövzunu qısa düşünmələri gərəkən bir şeymiş kimi dərk etməyə alışdırdı. Bu cür dərketmə isə kökündən yanlışdır. Beyinlər getdikcə axmaqlaşır. Yerində sayan beyinlər bir müddət sonra sosial problemə gəlib çıxır.

Hər hansı bir peşə, ixtisas haqqında geniş formada araşdırma, oxuma azalacaq kimi görünür. “Z” dediyimiz bu nəslin gələcəyini robotlaşmış insan şəklində görürəm. Avtomatik insan modeli. Monoton, süni, depressiv... Səbəbini növbəti abzasda tapa biləcəksiniz.

Çünki “TikTok” gənclər arasında intihara təşviq edən paylaşımlarda liderdir. Mütəxəssislər bir neçə ay əvvəl bu barədə araşdırma ediblər. Aparılan araşdırma nəticəsində “TikTok”da bu qəbildən olan 1,7 min videoya rast gəlinib. Kifayət qədər, hətta deyərdim, dəhşətli göstəricidir. Yeni dünya modeli bu olsa gərək. İntiharı, depressiyanı, tənhalığı təbliğ edən sosial sistemlər toplumları uçuruma aparmaqda iddialıdır.

Yazdıqlarım nə qədər bədbin, qorxunc olsa da iynə ucu boyda işıq da var. O da ki, insanın özünü insan kimi saxlama gücü. Axı, bizə iradə, xarakter, ağıl, düşüncə verilib. Niyə bunları unudub, pis vərdişlərə aludə olaq? Hər şeydən az istifadə edə bilərik. Asudə vaxtımızı gəzərək, göy üzünə baxaraq, kitab oxuyaraq, yağışa toxunaraq, günəşli havada oksigeni ciyərlərimizə çəkərək, şokolad yeyərək, sevdiyimiz adamların yanında keçirə bilmərik? Bu qədər çətindir? Ayrı vaxt deyirsiniz ki, kitab oxumağa vaxtım yoxdur. Gündə 1 saat da yoxdur? Var, əlbəttə ki, vaxtınız var. Bir dəqiqə! Yadımdan çıxdı. Axı siz, ağıllı telefonlarınızla hər şeyi oxuyur, görür və dərk edirsiniz. Nəsihətlərim üçün üzr istəyirəm, əziz insanlar.


SON XƏBƏRLƏR