• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti 1,5 ilə endirilib

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 11:46

Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti 1,5 ilə endirilib

Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisi 1,47 ilə qədər azalıb.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində borc portfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığının gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu il bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb. Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.

Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində bu il yanvarın 1-nə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 %-i 1–3 illik, 8,6 %-i isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə OÖM göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yeni maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.

Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, oktyabrın 1-nə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 %-ə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 %-ə yüksəlib. Bununla da, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə 9 ay ərzində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.


SON XƏBƏRLƏR