Dünya xəritəsində Qəzza probleminin simvolik çəkisi getdikcə artır. Münaqişə bir tərəfdən dərin insan faciəsini, digər tərəfdən isə böyük geosiyasi maraqların toqquşduğu mürəkkəb bir labirinti əks etdirir.
Bu mürəkkəb şəraitdə Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti sadəcə diplomatik görüş deyil, həm də beynəlxalq münasibətlər sistemində mövqelərin açıq şəkildə nümayişidir. Hər bir dövlətin sammitdə iştirak edib-etməməsi, tutduğu mövqe və verdiyi mesajlar bu mürəkkəb münaqişənin gələcək istiqamətini müəyyən edən göstəriciyə çevrilib.
Sammitdə iştirak edən dövlət liderləri beynəlxalq ictimaiyyətə aydın bir siqnal göndəriblər. Bu siyahı göstərir ki, kimlər sülhün, ədalətin və dayanıqlı həllin tərəfdarıdır, kimlər isə bölgədə sabitliyin bərpasında fəal rol oynamaq niyyətindədir. Hər bir liderin mövqeyi təkcə diplomatik protokol çərçivəsində deyil, həm də onun geosiyasi strategiyasının və milli maraqlarının ifadəsidir.
Qəzzadakı sammitdə iştirak edən dövlətlərin siyahısı hansı geosiyasi mesajları verir? Görüşdə iştirak etməyən ölkələr münaqişənin həllinə münasibətlərini necə nümayiş etdirirlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi analitik Sahil Kərimli bildirib ki, Qəzzada sülhün bərpası məqsədilə keçirilən sammit böyük əhəmiyyət daşıyır:
“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti də sammitə dəvət olunub. Bu, Azərbaycanın geosiyasi proseslərdə tutduğu mühüm mövqeyi və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Son illərdə ölkəmizin sülh və təhlükəsizliyə verdiyi töhfələr, həmçinin beynəlxalq forumların Azərbaycanda təşkili bu nüfuzun bariz sübutudur”.
Sahil Kərimli: İran və digər boykot edən ölkələr öz maraqlarını güdür
Analitikin sözlərinə görə, Qəzzada sülhün əldə olunması istiqamətində ABŞ və Türkiyə xüsusi fəallıq nümayiş etdirirlər. Bu fonda Azərbaycanın dəstəyi və təşəbbüsləri də diqqətdən kənarda qalmır. Sammitdə dünyanın aparıcı ölkələrinin iştirakı Azərbaycanın beynəlxalq müstəvidə güclü mövqeyə malik olduğunu bir daha göstərir.
“Digər tərəfdən, bəzi dövlətlərin, xüsusilə İranın tədbirdə iştirak etməməsi diqqət çəkir. Lakin bu, yalnız İrana aid deyil – bir sıra ölkələr sammiti boykot edib. Bu, xoş hal deyil. Çünki biz bu gün ədalət və dayanıqlı sülhdən danışırıq. Qəzzada baş verən qan tökülmələrinin, qarşıdurmaların və dağıntıların qarşısını almaq üçün dünya birgə səylər göstərməlidir”, – deyə Kərimli vurğulayıb.
Sonda o qeyd edib ki, hər bir ölkə bu məsələdə öz milli və dövlətçilik maraqlarını rəhbər tutur:
“İran və digər boykot edən dövlətlər öz maraqlarını önə çəkirlər. Lakin bu, sammitin boykot edilməsini əsaslandırmır. Əksinə, beynəlxalq birlik bu kimi təşəbbüslərə dəstək verməli və sülh prosesinə birgə töhfə göstərməlidir”.
Əli Hüseynov