• Bakı 22° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

QMİ sədri ABŞ-ni Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb

SİYASƏT

13 Oktyabr 2025 | 11:35

QMİ sədri ABŞ-ni Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, QMİ sədri bunu Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşündə deyib.

O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində baş tutan ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşü haqqında məlumatlandırıb. Qeyd edib ki, Xüsusi Müşahidə Siyahısında Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil.

Görüşdə ABŞ nümayəndələrinin diqqəti, həmçinin, ona cəlb edilib ki, son vaxtlar erməni kilsəsinin rəhbərliyi və erməni diasporası destruktiv mövqedən çıxış edərək sülh prosesinə əngəl olmağa çalışır və yeni qarşıdurmaya və revanşizmə çağırır. Halbuki, əldə edilmiş fürsətdən faydalanmaq üçün dini və ictimai dairələr siyasətçiləri dəstəkləməlidirlər və Azərbaycan tərəfi bəzi erməni dairələrdən, xüsusilə erməni kilsəsindən fərqli olaraq bunu edir.

Tərəflər dünyada, xüsusilə də mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan və Ermənistan arasında davamlı və uzunmüddətli sülhə nail olmaq üçün xalqlar və dinlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın vacib olduğunda həmfikir olduqlarını qeyd ediblər. ABŞ tərəfi bu baxımdan Şeyxülislamın hazırki ziyarətinin xüsusi əhəmiyyətini vurğulayıb. Şeyxülislam A. Paşazadə, başçılıq etdiyi QMİ-nin bu istiqamətdə səylərə öz töhfəsini verməyə davam etdirməyə, sülh və birgəyaşayışı dəstəkləyən dinlərarası və sivilizasiyalararası beynəlxalq görüş və konfransları, o cümlədən, ABŞ-ın din əsaslı qurum və təşkilatları ilə birgə layihələri həyata keçirməyə hazır olduğunu bildirib.

Tədbirdə iştirak edən BBMM icraçı direktoru Rəvan Həsənov və MM deputatı Cavanşir Paşazadə söz alaraq ölkəmizdə hökm sürən multikultural mühitdən, dövlət-din münasibətlərinin təkmilləşdirilməsində Azərbaycan parlamentinin rolundan bəhs ediblər. R. Həsənov Azərbaycanın dünyada islamofobiya ilə mübarizədə ardıcıl addımlar atdığını və artıq bu sahədə önəmli beynəlxalq platformaya çevrildiyini qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.


SON XƏBƏRLƏR