Son zamanlar Bakıda qarğaların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu vəziyyət isə insanlarda narahatlıq yaradır.
Bəs, qarğalarının sayının artması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən zooloq Samir Məmmədovun sözlərinmə görə, qarğaların sayının artmasının əsas səbəbi onların demək olar ki, bütün şəraitə asanlıqla uyğunlaşma bacarığıdır.
S.Məmmədov bildirib ki, şəhər mühiti onlar üçün olduqca əlverişlidir və qarğalar hər yerdə yuva qura, tullantılarla qidalana bilir ki, bu da onların yaşayışını asanlaşdırır.
Müsahibimiz qeyd edib ki, Bakı kimi şəhərlərdə hava şəraiti də onların çoxalmasına şərait yaradır:
“Qış ayları çox sərt keçmədiyinə görə qarğalar qida tapmaqda çətinlik çəkmir. Şəhərdə kifayət qədər tullantı var, həm də köhnə binaların damları, ağaclar onların yuva qurması üçün münasib yerlərdir”.
Zooloq şəhərdə qarğaların düşmənlərinin, yəni yırtıcı quşların demək olar ki, olmamasının ən vacib amillərdən biri olduğunu nəzərə çatdırıb:
“Qartallar və digər yırtıcılar şəhər mühitində yaşamır, həmçinin itlər və insanlar da qarğalar üçün ciddi təhlükə sayılmır. Buna görə də onların sayı rahatlıqla artır”.
Həmsöhbətimiz vurğulayıb ki, qarğalar çox ağıllı və sosial quşlardır, sürü halında yaşayırlar. Onlar bir-birini qoruyur, hətta yaralı bir qarğanı müdafiə etmək üçün birlikdə hərəkət edirlər Yaralı quşu insanlardan, pişik və itlərdən uzaqlaşdırır, onu bərpa edirlər:
“Bu birliyin sayəsində qarğalar həm özlərini qoruyur, həm də nəsillərinin artımını təmin edirlər”.
S.Məmmədovun sözlərinə görə, qarğalar dünyanın demək olar ki, hər yerində yayılıb və hər bir iqlim şəraitinə uyğunlaşa bilirlər:
“İsti havanı çox sevməsələr də, soyuq və mülayim hava şəraiti onlar üçün daha əlverişlidir. Buna görə də Bakı kimi şəhərlərdə qarğaların çox olması tamamilə təbiidir”.
Zooloq onu da bildirib ki, qarğaların təbiətdə çox böyük rolu var. Onlar yararsız və zərərli quşlar deyillər, əksinə, ekoloji tarazlığın qorunmasına xidmət edirlər:
“Qarğalar ölü və ya xəstə heyvanları yeyərək təbiəti təmizləyir, çürümənin və xəstəliklərin yayılmasının qarşısını alırlar. Bu baxımdan, qarğalar təbiət üçün vacib olan quş növlərindən biridir”.
Mina Mikayılova