Bu ilin on ayında Azərbaycan cəmiyyəti ağır itkilərin sınağından keçdi.
Sanki hər ay bir işıq söndü, hər itki qəlblərimizdə dərin bir iz qoydu. Tanınmış sənətkarların səhnədən, alimlərin laboratoriyalardan, ictimai xadimlərin isə gündəlik həyatımızdan qəfil ayrılması, bizə həyatın nə qədər qısamüddətli və qiymətli olduğunu xatırlatdı.
Bu yazıda ölkəmizdə baş vermiş bu ağır itkilərə nəzər salacaq, onların xatirəsinin cəmiyyətimizdə buraxdığı boşluğu və əhəmiyyətini bir daha anlamağa çalışacağıq. Hər itkisi ilə həm fərdi, həm də kollektiv yaddaşımıza yazılan bu insanları xatırlamaq, həm də bir daha dəyər verməyi öyrənmək deməkdir.
Bakıvaxtı.az siyahını təqdim edir.
Aktyor Azər Baxşəliyev yanvarın 5-də - 39 yaşında dünyasını dəyişib. Uzun sürən böyrək çatışmazlığı səbəbindən həyatını itirən aktyor "Bozbash Pictures" serialındakı "Ağsaqqal" və "Əzəmət" obrazları ilə yaddaşlarda qaldı.
1993–2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışmış Şəmsəddin Xanbabayev 13 yanvar günü 85 yaşında Xaçmazda vəfat edib.
Aktrisa və müğənni Çimnaz Sultanova isə 15 yanvar - öz doğum günündə bağırsaq xərçəngindən vəfat edib. O, uzun müddət Milli Onkologiya Mərkəzində müalicə almış və xəstəliyini yaxınlarından belə gizlətmişdi.
Tanınmış iş adamı və "Azərsun Holdinq"in prezidenti Abdolbari Gözəl 18 yanvar 2025-ci ildə 76 yaşında Dubayda vəfat edib. O, müasir Azərbaycanda özəl sektorun inkişafına mühüm töhfələr verərək 21 il əvvəl iş adamları arasında ilk dəfə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-cı ildə “Şöhrət” ordeni ilə mükafatlandıılıb.
1985–1990-cı illərdə Azərbaycan Respublikasının baş prokuroru, 1992–1995-ci illərdə isə ədliyyə naziri vəzifələrində çalışmış İlyas İsmayılov isə 17 fevral 2025-ci ildə 87 yaşında Bakı şəhərində vəfat edib. O, müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində multiorqan çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov 22 fevral 2025-ci ildə 77 yaşında Bakı şəhərində vəfat edib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edib. Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi olaraq da fəaliyyət göstərib.
Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, polis general-mayoru Ərziman Əliyev 22 fevral 2025-ci ildə 68 yaşında vəfat edib. O, uzun illər hüquq-mühafizə orqanlarında çalışıb, "Qüsursuz xidmətə görə" medalları və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi 28 fevral 2025-ci ildə ürək əməliyyatı sonrası vəfat edib. O, uzun müddət şəkər xəstəliyi ilə mübarizə aparıb, son aylarda vəziyyəti ağırlaşıb. Əməliyyatdan sonra vəziyyəti pisləşərək reanimasiya şöbəsində dünyasını dəyişib.
Azərbaycanın tanınmış balet ustası, SSRİ Dövlət mükafatı laureatı və “Şöhrət” ordenli Tamilla Şirəliyeva 12 mart 2025-ci ildə 79 yaşında dünyaya əbədi gözlərini yumub. Uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkən sənətkarın vəziyyəti son aylarda pisləşmişdi, o, əməliyyat olunduqdan sonra beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Azərbaycan Xalq artisti, tanınmış aktyor və rejissor Ənvər Həsənov martın 16-da 75 yaşında vəfat edib. O, uzun illər teatr və kino sahəsində fəaliyyət göstərərək, bir çox tamaşalarda və film layihələrində unudulmaz obrazlar yaradıb. Aktyor Buzovna qəbiristanlığında dəfn olunub.
Azərbaycan futbolunun əfsanəvi qapıçısı və şərhçisi Çingiz İsmayılov 23 mart 2025-ci ildə 89 yaşında vəfat edib. O, 1955–1962-ci illərdə “Neftçi” klubunun şərəfini qorumuş, sonradan AFFA-nın baş katibi və uzun illər televiziya şərhçisi kimi fəaliyyət göstərib. Vəfatından əvvəl 18 martda pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilib.
Azərbaycanın Əməkdar jurnalisti və mədəniyyət xadimi Valeh Məhərrəmli 2025-ci ilin martında 73 yaşında dünyasını dəyişib. O, uzun illər mətbuat sahəsində fəaliyyət göstərərək bir çox nəşrlərdə çalışmış və Azərbaycan jurnalistikasının inkişafına töhfələr verib.
Azərbaycan tanınmış idman xadimi, əməkdar məşqçi və pedaqoq Cavanşir Qurbanov 21 may 2025-ci ildə 77 yaşında vəfat edib. O, uzun illər Güləş Federasiyası və Milli Olimpiya Komitəsində rəhbər vəzifələrdə çalışaraq ölkəmizdə idmanın inkişafına böyük töhfələr verib.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti İlyas Adıgözəlli 4 iyun 2025-ci ildə Bakı şəhərində vəfat edib. O, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışmış, "Araz" radiostansiyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Azərbaycanın tanınmış siyasətçisi, beş çağırış Milli Məclisinin deputatı və Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlı 24 iyul 2025-ci ildə 83 yaşında vəfat edib. Uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkən mərhum bu xəstəliklə bağlı müalicə alırdı və vəziyyəti bir neçə dəfə kritikləşmişdi.
Azərbaycanın tanınmış muğam ustası, Xalq artisti Arif Babayev 1 avqust 2025-ci ildə 87 yaşında vəfat edib. O, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Opera və Balet Teatrının solisti olmuş, 1990-cı ildə muğam professoru adını almışdır.
Azərbaycan hüquqşünası, sabiq məhkəmə hakimi Ənvər Seyidov 2 avqust 2025-ci ildə 76 yaşında vəfat edib. Ənvər Seyidov uzun illər müxtəlif məhkəmələrdə çalışıb, 2011–2019-cu illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Azərbaycanın Xalq yazıçısı, Baş nazirin müavini Elçin Əfəndiyev 3 avqust 2025-ci ildə 82 yaşında vəfat edib. Onun əsərləri arasında "Ağ dəvə", "İntiqam", "İntihar" və "İki sahil" kimi romanlar yer alır. O, 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq yazıçısı" fəxri adına layiq görülüb.
Azərbaycan Karate-Do Federasiyasının prezidenti və üçqat dünya, beşqat Avropa çempionu Arif Məmmədov 6 avqust 2025-ci ildə Türkiyənin Trabzon şəhərində 47 yaşında vəfat edib. O, Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnir zamanı qəflətən səhhətində yaranan problemlər səbəbindən komaya düşüb və Türkiyədə müalicə altında olsa da həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın tanınmış yazıçısı, nasir və tərcüməçi Vidadi Babanlı avqustun 16-da 98 yaşında vəfat edib. Yazıçı 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 1986-cı ildə Əməkdar incəsənət xadimi, 2022-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.
Azərbaycanın tanınmış şairi Məmməd İsmayıl isə 19 avqust 2025-ci ildə 85 yaşında vəfat edib. O, 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor adına layiq görülüb. Məmməd İsmayıl Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Azərbaycanın tanınmış hərbi jurnalisti və yazıçısı Şəmistan Nəzirli 20 sentyabr 2025-ci ildə 83 yaşında Qazaxda vəfat edib. Şəmistan Nəzirli 1972-ci ildən etibarən müxtəlif mətbuat orqanlarında, o cümlədən "Gənc leninçi" qəzetində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində və Azərbaycan Dövlət Ensiklopediyasında çalışıb. 1996–1998-ci illərdə Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru olub. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzində hərb tarixi şöbəsinin baş elmi işçisi idi.
Azərbaycanın tanınmış aktyoru və Əməkdar artisti Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. O, paytaxt Bakının Səbail rayonunda yerləşən idman zalında qəflətən ürək tutmasından dünyasını dəyişib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanın tanınmış səhiyyə xadimi və sabiq səhiyyə naziri Oqtay Şirəliyev 3 oktyabr 2025-ci ildə 75 yaşında vəfat edib. O, Şüvəlan qəsəbəsindəki yaşadığı evdə qəflətən dünyasını dəyişib, təcili tibbi yardım briqadası hadisə yerinə gəlsə də, həkiməqədər ölüm faktı qeydə alınıb.
Xalq artisti Əminə Yusifqızı 9 oktyabr 2025-ci ildə 89 yaşında vəfat edib. O, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Əminə Yusifqızı 1958–1974-cü illərdə Akademik Milli Dram Teatrında, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində fəaliyyət göstərib, 200-dən çox filmdə səsləndirmə edib. Həmçinin "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi filmlərdə və televiziya tamaşalarında rol alıb.
Azərbaycanın tanınmış şairi və ədəbiyyat xadimi Əlisəmid Kür 13 oktyabr 2025-ci ildə 79 yaşında vəfat edib. Son illərdə ağır xəstəlikdən əziyyət çəkən Əlisəmid Kür 2025-ci ilin sentyabrında vəziyyətinin ağırlaşması ilə Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş, oktyabrın əvvəlində ailəsinin razılığı ilə evə buraxılmışdı. Əlisəmid Kür "Yol" qəzetinin baş redaktoru olaraq bir çox gənc yazara dəstək olub, tanınmış ədiblərin ilk yazılarını çap etdirib.
Əli Hüseynov