XXI əsr bəşər övladı virtuallaşan, süniləşən, reallıqdan uzaqlaşan toplumlarda mövcud olmağa çalışır. Emosiyaları, reaksiyaları, düşüncələri, kədərləri, bir sözlə, güzgüdəki əksi sosial şəbəkələrdə görünür.
İnsanı insandan internet ayırdı. Daha heç kim heç kimə qonaq getmir, tez-tez görüşmür. Artıq hər kəsin öz dünyası var. Milyonlarca tənha dünya...
O dünya bizim paralel dünyamızdı. Orda ehtiraslanır, üzülür, sevir, darıxır, gülürük. Ancaq hamısı süni, saxta, simvolik.
Hərdən köhnə filmlərə baxıram. 80-85-ci illərin Azərbaycan, türk filmlərinə. Ordakı aktyorların üz cizgiləri, gözləri, sağlamlıqları diqqətimi çəkir. Necə də məmnun, mutlu, nikbin görünürlər. Bəlli olur ki, o dövr insanı real münasibətlər, həqiqi sevgilər, gərçək sevinclər, ünsiyyətlər yaşayırdı.
Niyə biz bir-birimizdən min kilometr uzaq düşdük? Halbuki bu qədər yaxın ola-ola... Axırıncı dəfə qonaq getməyim yadıma düşür.
Nəhayət, uzun illərdən sonra qonaq getdim. Süfrə açılıb, hər kəs yemək yeyir. Gördüm ki, hamı tezbazar yeyib qurtarmaq istəyir. Yeməyin ləzzətini almırlar. Kənara qoyduqları telefonları səs çıxardır: mesaj gəldi, zəng gəldi...
Qonaqlıqda ağsaqqal bir kişi divanda təkbaşına oturub gözünü döyürdü. Qarınları doyan ev əhli öz dünyalarına çəkildilər. Ağsaqqalın yanına keçdim. Düz üç saat fasilə vermədən söhbət etdik. Necə ləzzət elədisə qonaqlıqdan getmək bilmirdim. Kişinin uşaqlıq illəri, əsgərlik, ruslar, eston qızları...
Daha qonşu qonşunun külünə yox, vayfayına möhtacdı. Doğrudan da elədi. Neçə dəfə təzə qonşu qapımızı döyüb, deyib ki, vayfayınızın kodunu deyərdiniz. Bax, beləcə bu dövr insanı tənhalaşır.
İndi dünya depressiya dövrünü yaşayır. Qloballaşma, sosiallaşma adlı o qədər tədbirlər, konfransalar keçirilir, məqalələr yazılır. Hamısının da bir mesajı var: insan tənhalaşsın!
İnternetin yayılmadığı zamanları xatırlayıram. Hələ onda diskə, video kasetlərə marağımız vardı. Bir film üçün, mahnı üçün dükan-dükan gəzirdik. Qardaşımla Kamal Sunalın filmlərini şəhərdə axtardığımız günlər. Necə də böyük həvəslə onun filmlərini tapmağa çalışırdıq. Tapanda da uşaq kimi sevinir, evə tələsirdik. Yaxud da Sezen Aksunun, Elvis Preslinin mahnıları üçün...
Qərara gəlmişəm. Artıq hər həftə tanıdığım adamların evinə qonaq gedəcəm. İnternetdən işim üçün istifadə edəcəm. Feysbuku gündə 1-2 saat istifadə edəcəm.
Bəlkə siz düşünəsiniz,neyləyək? Neyləyək ki, insanlar bir-birlərinə qarışsın. Təklifləriniz varsa,yazın, elan edin...
Mən demirəm ki, internetsiz dünyada yaşayaq. İnterneti intellektimizi inkişaf etdirmək üçün istifadə edək. Yaşamağa, münasibətlərə, ünsiyyətlərə daha çox zaman ayıraq...