• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Həyatımın ən ağır günləri - Oğuz Ayvaz yazır
YAZARLAR
21 Fevral 2022 | 12:00

Həyatımın ən ağır günləri - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Ötən həftə həyatımın ən ağır günlərini yaşadım. Üç gün canımla əlləşir, ağrıdan gözyaşlarımı saxlaya bilmirdim.

Virusun tüğyan elədiyi bu günlər mənim də bədənimdən, ruhumdan, hisslərimdən yan keçmədi. Adını korona, omikron, delta qoysaq - bu xəstəliyi ilk dəfə yaşadım. Əvvəllər keçirdiyim soyuqdəymələr, qriplər bunun yanında toya getməli idi.

Şənbə günü xəyal edirdim ki, günəşli havada qızımla doyunca gəzəcəm, ağaclara toxunacam, güləcəm, amma bədənim qəfil titrəməyə başladı. Özümü lül-qənbər küçədə qalmış, üzərimə dolu yağırmış kimi hiss edirdim. Dörd yorğan belə canıma istilik yaymırdı. Sonra bütün sümüklərim ağrımağa başladı. Ağrılar gün boyu şiddətlənir, qızdırma gah düşür, gah da artırdı. Sanki günlərlə qəsəbəyə yağan yağış kimi idim.

Bu xəstəlik qəribə hallara salırdı məni. Həyatımın üç günü mənə qalıcı mesaj ötürmüşdü. Həyat, adamlar, hava, göyüzü, sağlamlıq, gəzmək, gülmək, uşaqlar necə də dəyərlidir.

Üç gün sonra pəncərəmizdən boz səmaya baxdım. Ağacların budaqlarında, kirəmitli damların arxasında həyatın yorğun görkəmini gördüm. Bəlkə də mən yorğun idim, amma o qədər ləzzət elədi ki, pəncərədən məhəlləmizə tamaşa etmək. Sanki yüz il keçmişdi, təzədən doğulmuşdum, hər nə idisə ilk dəfə kimi idi.

Xəstəliyi şişirdib sentimentallığa varmaq istəmirəm. Üç gün sonra isə hisslərim, duyğularım yoxa çıxdı. Heç bir şeydən zövq ala bilmirdim. İçdiyim su, dinlədiyim musiqi, yediyim portağal, hətta qızıma belə heç nə duya bilmirdim. Hətta həyat eşqim belə məzuniyyətə yollanmışdı.

Üzülə bilməmək, sevinə bilməmək necə dəhşətlidir. İnsan olduğumu unutmuşdum. İnsan sevmədən, hiss eləmədən, zövq və dad almadan necə yaşaya bilər?

Qalan 7 günü duyğusuz və heçliklə yaşadım. Heç kimə, heç nəyə aid olmamaq hissi ilə...

Tezliklə xəstəliyin yoxa çıxacağı, maskasız, gözəl günlərin gələcəyini ümid edək. Arzu edək ki, bu günlər lap qapımızdadır. Həyatın doyunca ləzzətini almaq üçün o günü səbrsizliklə gözləyək.


SON XƏBƏRLƏR

26 Dekabr 2024