Azərbaycanda əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabası ilə hərəkət edən valideynlərin rahatlığını təmin etmək üçün quraşdırılan pandusların bir qismi istifadəçilərin narazılığına səbəb olur. Şəhərin müxtəlif ərazilərində yerləşən bəzi pandusların normativ tələblərə uyğun inşa edilmədiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bir çox pandus həddindən artıq dik bucaq altında quraşdırılıb. Bu isə əlil arabasından istifadə edən insanların müstəqil şəkildə hərəkət etməsini çətinləşdirir, bəzi hallarda isə təhlükəli vəziyyət yaradır. Belə panduslardan biri də Xırdalanda yerləşən “Eurohome” ticarət mərkəzində inşa olunub. Sakinlərin sözlərinə görə, obyektlərin girişində quraşdırılan bu pandus formal xarakter daşıyır. O, mövcud olsa da, istifadə üçün əlverişli deyil və əsas məqsədinə xidmət etmir.
Vətəndaşlar aidiyyəti qurumları problemin həlli istiqamətində tədbirlər görməyə çağırır. Onların fikrincə, əlçatanlıq imkanlarının artırılması təkcə fiziki məhdudiyyətli şəxslər üçün deyil, cəmiyyətin bütün üzvləri üçün vacib məsələdir.
Məsələ ilə bağlı ekspertlər pandusların qəbulundan əvvəl texniki yoxlamaların aparılmasını və standartlara uyğunluğun ciddi şəkildə qiymətləndirilməsini təklif edirlər. Bu addım gələcəkdə oxşar problemlərin qarşısının alınmasına kömək edə bilər.
Aydın
Bakı 



