• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Süni İntellekt Akademiyası: Gözləntilər böyükdür, bəs nəticə necə olacaq?

CƏMİYYƏT

14 Iyul 2026 | 16:08

Süni İntellekt Akademiyası: Gözləntilər böyükdür, bəs nəticə necə olacaq?

Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur. Akademiya  beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.

Bəs Süni İntellekt Akademiyası gözlənilən effekti verə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov  bildirib ki, Azərbaycanın təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" və bu çərçivədə nəzərdə tutulan Süni İntellekt Akademiyası, ölkədə mövcud olan kadr çatışmazlığını aradan qaldırmaq və rəqəmsal infrastrukturu gücləndirmək istiqamətindəki təşəbbüslərdən biridir:

"Bu təşəbbüsün birbaşa insan kapitalının inkişafına və icma quruculuğuna yönəlməsi onun tətbiqi əhəmiyyətini artırır. Dünya reytinqində ilk 10 pillədə qərarlaşan xarici universitetlərlə qurulacaq tərəfdaşlıq yerli mütəxəssislərin qlobal tədris metodologiyaları əsasında hazırlanmasına şərait yaradır. Bu modelin gənc mütəxəssislərin müasir texnoloji bilikləri yerində mənimsəməsinə və daxili intellektual bazanın formalaşmasına xidmət etməsi nəzərdə tutulur”.

Müsahibimiz bildirib ki, Strategiyanın tətbiqi nöqteyi-nəzərindən mühüm məqam fəaliyyətin yalnız texniki kadrlarla məhdudlaşmaması, eyni zamanda dövlət qurumlarından 500 idarəçinin də süni intellekt təlimlərinə cəlb edilməsi nəzərdə tutulur. Texniki həlləri hazırlayan mühəndislərlə yanaşı, rəqəmsal transformasiya prosesini idarə edən rəhbər heyətin də texnologiyanın imkanlarını düzgün qiymətləndirməsi layihələrin icrasındakı bürokratik maneələri azalda bilər.

Dediyinə görə, bundan əlavə, təlim və yarışma platformaları vasitəsilə 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması, dağınıq halda fəaliyyət göstərən yerli istedadları bir araya gətirmək və praktiki layihələrin inkişafını sürətləndirmək üçün zəmin yarada bilər.

Elvin Abbasov: Bu modelin daxili intellektual bazanın formalaşmasına xidmət etməsi nəzərdə tutulur

Həmsöhbətimiz qeyd edib ki, müəyyən edilmiş kadr və icma hədəflərinin real iqtisadi nəticələrə çevrilməsi bir neçə konkret çağırışın həllindən asılıdır.

"Birincisi, hazırlanacaq mühəndislərin işləyə bilməsi üçün Azərbaycan dilində irihəcmli və keyfiyyətli verilənlər bazalarının (datasets) hazırlanması və müvafiq dövlət məlumatlarının təhlükəsiz şəkildə istifadəyə verilməsi mütləqdir. İkincisi, yetiştirilən yüksək ixtisaslı kadrların xarici şirkətlərə uzaqdan işləyərək daxili bazardan qopmaması üçün ölkə daxilində rəqabətqabiliyyətli əmək mühiti təklif olunmalıdır”.

“Akademiyanın hazırlayacağı kadr potensialı "mygov" və ya digər milli rəqəmsal infrastruktur layihələrinə birbaşa inteqrasiya edilmədiyi təqdirdə, strategiyadan gözlənilən praktiki səmərə əhəmiyyətli dərəcədə aşağı olacaq", - deyə Elvin Abbasov vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR