Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə iki dövlət arasındakı diplomatik əlaqələr deyil, ortaq tarixə, mədəniyyətə, dilə, milli kimliyə və qarşılıqlı etimada söykənən qardaşlıq modelidir. Bu münasibətlər illər ərzində strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələrək regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın ən uğurlu nümunələrindən birinə çevrilib. Xüsusilə son illərdə siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əldə olunan nailiyyətlər Azərbaycan-Türkiyə birliyinin praktik nəticələrini bütün dünyaya nümayiş etdirir.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların artdığı, hətta ortaq tarixə və etnik bağlılığa malik xalqlar arasında münaqişələrin yaşandığı bir dövrdə Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi sarsılmaz həmrəylik xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü "Bir millət, iki dövlət" fəlsəfəsi bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə daha da möhkəmlənərək konkret layihələrdə, ortaq qərarlarda və qarşılıqlı dəstəkdə öz əksini tapır.
Bəs Azərbaycan-Türkiyə münasibətlərini digər strateji tərəfdaşlıqlardan fərqləndirən əsas amillər hansılardır? "Bir millət, iki dövlət" prinsipi bu gün hansı sahələrdə real məzmun qazanır? İki qardaş ölkənin dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri regionun gələcəyinə necə təsir edir və bu birlik beynəlxalq ictimaiyyətə hansı mesajı verir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin IV Qlobal Şuşa Media Forumundakı çıxışı Azərbaycan–Türkiyə münasibətlərinin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu:
“Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təkcə siyasi və ya diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, dilə, mədəniyyətə və qardaşlıq bağlarına söykənən təbii bir birlikdir. Bu yaxınlıq 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksəldi və rəsmi müttəfiqlik statusu qazandı. Şuşa Bəyannaməsi əslində ‘Bir millət, iki dövlət’ prinsipinin hüquqi və siyasi təsdiqi oldu”.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışında səsləndirdiyi müqayisəli yanaşma xüsusi diqqət çəkir:
“Dünyada ortaq dilə, etnik mənsubiyyətə və tarixi köklərə malik xalqlar az deyil. Ancaq onların bir qisminin bu gün qarşıdurma və müharibə şəraitində yaşaması göstərir ki, təkcə tarixi yaxınlıq kifayət etmir. Bu potensialın real əməkdaşlığa çevrilməsi üçün güclü siyasi iradə, qarşılıqlı etimad və uzaqgörən dövlət siyasəti lazımdır. Azərbaycan və Türkiyə məhz bu baxımdan fərqli və uğurlu model ortaya qoyub”.

Hikmət Babaoğlu, deputat
H.Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan–Türkiyə münasibətləri beynəlxalq ictimaiyyət üçün öyrənilməli olan nümunədir:
“Çünki burada ortaq tarix və mədəniyyət yalnız emosional bağ kimi qalmayıb, konkret siyasi qərarlar, iqtisadi layihələr, təhlükəsizlik əməkdaşlığı və müttəfiqlik mexanizmləri ilə möhkəmləndirilib. Enerji, nəqliyyat, müdafiə sənayesi, hərbi əməkdaşlıq və humanitar sahələrdə əldə olunan nəticələr bu birliyin praktik təzahürüdür”.
Deputat vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi balanslı və uzaqgörən xarici siyasət Türkiyə ilə münasibətlərin daha da dərinləşməsinə imkan yaradıb:
“Bu gün Azərbaycan və Türkiyə yalnız iki qardaş dövlət deyil, həm də regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın əsas dayaqlarından biridir. Qarabağın bərpasından tutmuş beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına qədər bir çox strateji məsələlərdə iki ölkə vahid mövqedən çıxış edir. Bu isə həm Azərbaycan xalqının mühüm nailiyyəti, həm də Prezident İlham Əliyevin ardıcıl və strateji siyasətinin məntiqi nəticəsidir”.
Əli Hüseynov
Bakı 



