Son illərdə beynəlxalq münasibətlər sistemində “orta güc” anlayışı getdikcə daha çox ön plana çıxır. Bu status yalnız iqtisadi və ya hərbi potensialla deyil, həm də dövlətin regional və qlobal proseslərə təsir imkanları, müstəqil qərarvermə qabiliyyəti və diplomatik çevikliyi ilə müəyyən edilir.
Azərbaycan da son dövrlərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət, iqtisadi dayanıqlığı və artan beynəlxalq nüfuzu sayəsində regional liderlik mərhələsini geridə qoyaraq “orta güc” statusuna doğru irəliləyən dövlətlər sırasında göstərilir. Bu transformasiya təsadüfi deyil, uzunmüddətli strateji yanaşmanın və milli maraqlara əsaslanan dövlət siyasətinin nəticəsidir.
“Orta güc” statusunun əsas meyarlarından biri dövlətin müstəqil xarici siyasət yürütmək bacarığıdır. Azərbaycan müxtəlif qlobal güc mərkəzləri arasında balanslaşdırılmış siyasət həyata keçirərək heç bir geosiyasi blokun təsiri altına düşmədən milli maraqlarını əsas prioritet kimi qoruyub saxlayır. Bakı həm Qərb dövlətləri, həm Türkiyə, həm də digər regional aktorlarla əməkdaşlığı paralel şəkildə inkişaf etdirir. Eyni zamanda Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirakı Azərbaycanın diplomatik imkanlarını genişləndirir və onu regional gündəmin formalaşmasına təsir göstərən aktora çevirir.
Digər mühüm meyar dövlətin milli maraqlarını qorumaq üçün siyasi iradəyə və real imkanlara malik olmasıdır. Azərbaycan son illərdə qəbul etdiyi qərarlarla göstərib ki, milli təhlükəsizlik, enerji siyasəti, nəqliyyat layihələri və suverenlik məsələlərində öz mövqeyini ardıcıl şəkildə müdafiə edir. Xüsusilə beynəlxalq enerji layihələrinin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış etməsi ölkənin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətini artırıb. Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Orta Dəhlizin inkişafındakı rolu və Şərqlə Qərbi birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın regional təsir imkanlarını daha da gücləndirib.
“Orta güc” statusunun digər vacib elementi real müdafiə qabiliyyətidir. Müasir təhlükəsizlik mühitində dövlətin yalnız diplomatik resurslara deyil, həm də etibarlı müdafiə potensialına malik olması əsas şərtlərdən biridir. Azərbaycan son illərdə Silahlı Qüvvələrin modernləşdirilməsi, müdafiə sənayesinin inkişafı və yeni hərbi texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atıb. Bununla yanaşı, ölkənin təhlükəsizlik sahəsində müxtəlif dövlətlərlə əməkdaşlığı və müdafiə diplomatiyası regional sabitliyin qorunmasına da xidmət edir. Güclü müdafiə sistemi Azərbaycanın xarici siyasətinin etibarlılığını artıran əsas dayaqlardan biri kimi çıxış edir.
Müasir beynəlxalq münasibətlərdə orta güclər təkcə öz sərhədləri daxilində deyil, regiondan kənarda baş verən proseslərə də müəyyən təsir göstərə bilirlər. Azərbaycan da son illərdə müxtəlif beynəlxalq platformalarda fəallığını artıraraq enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, humanitar əməkdaşlıq və iqlim gündəliyi kimi məsələlərdə təşəbbüslərlə çıxış edir. Xüsusilə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələrinin inkişafında oynadığı rol ölkənin geoiqtisadi əhəmiyyətini artırır. Bu, Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, onların istiqamətinə təsir edə bilən aktora çevrildiyini göstərir.
Bununla yanaşı, orta güc statusu daha böyük məsuliyyət də tələb edir. Regional sabitliyin qorunması, əməkdaşlıq mühitinin təşviqi, yeni iqtisadi layihələrin həyata keçirilməsi və münaqişələrin siyasi yollarla həllinə dəstək belə dövlətlərin əsas missiyalarından hesab olunur. Azərbaycan son illərdə Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərlə bu məsuliyyəti bölüşməyə hazır olduğunu nümayiş etdirir. Məhz buna görə də Azərbaycanın beynəlxalq mövqeyi artıq təkcə regional lider kimi deyil, daha geniş geosiyasi proseslərə təsir göstərə bilən, məsuliyyət daşıyan və strateji qərarlar qəbul edən “orta güc” dövlət modeli kontekstində qiymətləndirilir.
Alim Nəsirov
Bakı 



