• Bakı 30° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Azərbaycan-ABŞ yaxınlaşması: Strateji tərəfdaşlıq nələri dəyişir?

SİYASƏT

14 Iyul 2026 | 13:30

Azərbaycan-ABŞ yaxınlaşması: Strateji tərəfdaşlıq nələri dəyişir?

Azərbaycanla ABŞ arasında münasibətlər son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Birləşmiş Ştatlara tarixi səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə və əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə zəmin yaradıb.

Bunun davamı olaraq ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri və Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması Vaşinqtonun Azərbaycanı regionda mühüm tərəfdaş kimi qiymətləndirdiyini göstərən mühüm siyasi addım hesab olunur. Bu yeni mərhələ enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik sahələrində əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaradır.

İkitərəfli münasibətlərdə diqqət çəkən əsas məsələlərdən biri də Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəlişdir. Bu sənəd uzun illərdir Azərbaycan tərəfindən ədalətsiz və ayrı-seçkilik xarakteri daşıyan qərar kimi qiymətləndirilir. Azərbaycanın Ermənistanla bağlı birtərəfli qaydada bütün tranzit məhdudiyyətlərini aradan qaldırması, regionda yeni əməkdaşlıq formatlarının təşviq edilməsi və sülh prosesinin irəliləməsi fonunda həmin düzəlişin əvvəlki siyasi və hüquqi əsaslarının qüvvəsini itirdiyi vurğulanır. Bu baxımdan, ABŞ Konqresinin mövcud geosiyasi reallığı nəzərə alaraq məsələyə yenidən baxması və artıq aktuallığını itirmiş qərarı ləğv etməsi ikitərəfli münasibətlərə müsbət təsir göstərə bilər.

Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında da müəyyən dəyişikliklərin müşahidə olunduğu bildirilir. Son dövrdə ABŞ administrasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək regionda davamlı sabitliyin formalaşdırılması baxımından əhəmiyyətli hesab edilir. Bu yanaşmaya əsasən, sülh yalnız hərbi qarşıdurmaların dayandırılması deyil, eyni zamanda iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin bərpası və qarşılıqlı etimadın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Belə bir yanaşma Cənubi Qafqazın uzun illər davam edən münaqişə gündəmindən əməkdaşlıq gündəminə keçidini sürətləndirə bilər.

Mövcud siyasi dinamika onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də regionun gələcək geosiyasi konfiqurasiyasına təsir edən mühüm amillərdən birinə çevrilir. Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelinin möhkəmlənməsi enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına da əlavə impuls verə bilər. Bu baxımdan, Bakı ilə Vaşinqton arasında formalaşan yeni münasibətlər modeli yaxın illərdə regional siyasətin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində qalacaq.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026